MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-10-07 07:45:59 15

AMEA-da yaşıl transformasiyaların aktual elmi-praktiki problemləri müzakirə olunub

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri Bölmələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29”a həsr olunmuş birgə toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və Bakıda keçiriləcək dünya miqyaslı COP29 kimi mühüm konfransın əhəmiyyətindən danışıb. Ölkə başçısının apardığı siyasətə müvafiq olaraq Azərbaycanda yaşıl hərəkata başlanıldığını deyən akademik İsa Həbibbəyli bu innovasiyaların cəmiyyətin bütün sahələrini əhatə etdiyini, elm sahəsində isə prioritet istiqamətlərin inkişafına böyük təkan verdiyini bildirib. Qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində AMEA-da da silsilə tədbirlər təşkil olunur, kitab və monoqrafiyalar hazırlanır.

ETN Neft və Qaz İnstitutunun şöbə müdiri professor Fəxrəddin Kərimov “Azərbaycanda iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının tutulması, yığılması və metanol/karbamid istehsalında istifadə edilməsi Layihəsi”nin idarə olunmasında süni intelləktdən istifadə problemləri ilə bağlı çıxış edib. O, “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsi tərəfindən aparılan elmi-tədqiqat işləri haqqında məlumat verərək qeyd edib ki, iri sənaye müəssisələrindən atmosferə atılan CO2 qazının tutularaq saxlanması və gəlcəkdə faydalı istifadəsi məsələləri araşdırılmışdır.

F.Kərimov bu istiqamətdə şöbə tərəfindən beynəlxalq təcrübələrin öyrənildiyini, xaricdə işlənən layihələr və tətbiqlər haqqında məlumatların toplanaraq təhlil edildiyini qeyd edib. Bildirib ki, tədqiqat çərçivəsində Azərbaycanda təbii qazdan istifadə etməklə enerji istehsal edən iri müəssissələr təyin edilmiş, onlardan atılan CO2 qazının inventarlaşdırılması aparılaraq həcmləri hesablanmışdır.

O, həmçinin birbaşa qlobal iqlim dəyişmələrinə mənfi təsirin azalmasına xidmət edən layihələrin işlənildiyini vurğulayıb.