AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-04-26 09:54:46 290

AMEA-nın əməkdaşları Xəzər dənizində aparılan monitorinqlərdə iştirak ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 2021-ci ilin 31 mart - 9 aprel tarixlərində Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən neft-qaz yataqlarının Xəzər dənizinə və eləcə də ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, dənizin hidroloji və hidrokimyəvi vəziyyətinin, bioloji ehtiyatlarının öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə olunması məqsədilə nazirliyin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə kompleks tədqiqatlar və monitorinqlər keçirilib.

Monitorinq çərçivəsində balıq ehtiyatlarının vəziyyətini öyrənilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisində tral çəkmə qurğusu ilə uzunluğu 24,7 m olan dib tralı vasitəsilə balıq ovunun sınaqları təşkil edilib. Bununla əlaqədar olaraq Neftçala rayonunun sahilboyu akvatoriyasında (Salyan reydində) 10-12 m-lik dərinliklərdə tral çəkilişləri həyata keçirilib, sınaqlar zamanı tralla balıq ovunun uğurla həyata keçirilməsi və tralın işlək vəziyyətində olduğu təsdiq edilib. Xəzər dənizində balıq ehtiyatlarının öyrənilməsi məqsədilə yay aylarında (iyul-avqustda) nəzərdə tutulmuş elmi-tədqiqat işlərində balıq ovunun təşkili məqsədəuyğun hesab edilir.

Monitorinq zamanı Kür çayının mənsəbi yaxınlığında iki nöqtədən tral vasitəsilə tutulmuş balıqların bəzi toxumalarının biokimyəvi və histoloji analiz üçün nümunələri götürülüb. Balıq populyasiyalarının ekofizioloji vəziyyətinin öyrənilməsi və onlara ətraf mühitin təsirinin qiymətləndirilməsi üçün nəzərdə tutulan nümunələr canlı şəkildə Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasına aparılıb.