AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-09 08:48:30 311

Qalib Məmməd oğlu Əfəndiyev - 75 illik yubiley

Quyuların qazılması texnologiyaları üzrə görkəmli alim, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, Qalib Əfəndiyev 1946-cı il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə neft-mexanika fakültəsini bitirmişdir. Q.M.Əfəndiyev 1970-1996-cı illərdə Azərbaycan EA-nın Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri, 1996-2003-cü illərdə "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 2003-2015-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri işləmişdir. 2015-ci ildən AMEA Neft və Qaz İnstitutunda “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin rəhbəridir.

Q.M.Əfəndiyev 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. ADNSU-nın Neft və qaz quyularının qazılması kafedrasının professoru professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir. Qazaxıstanın Atırau Neft və Qaz İnstitutunun fəxri professorudur. Əfəndiyev Q.M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması və s. 198-dən artıq elmi əsərin müəllifidir. İxtira və patentlərə görə 3 müəlliflik şəhadətnaməsi alıb. Təbiət və cəmiyyət barədə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, "Lütfi-Zadınin irsi və süni intellekt" Assosiasiyasının, Qazımaçılar Assosiasiyasının üzvüdür. 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

AMEA Neft və Qaz İnstitutunun kollektivi adından Qalib müəllimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və işlərində yeni nailiyyətlər arzu edirik!

https://www.facebook.com/102279731461808/posts/300747731615006/?d=n