AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-12 00:22:51 335

Namaz Puti oğlu Yusubov - 73 il

Azərbaycanda geofiziki məlumatların emalı və interpretasiyası məktəbinin yaradıcılarından biri, geologiya-minerologiya elmləri doktoru Namaz Yusubov 1948-ci ilin may ayının 12-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 1965-ci ildə onbirillik məktəbi Çəmbərəkənd rayonunun Ardanış kəndində tamamlamış və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsinə qəbul olub. 1970-ci ildə dağ mühəndisi, geofizik ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1970-ci ilin payızında “Azneftgeofizika” trestində çöl işləri aparan seysmik partiyada texnik-operator kimi başlamış N.Yusubov bu müəssisədə mühəndis-proqramçı, emal və interpretasiya işləri üzrə mühəndis, hesablama mərkəzinin baş geofiziki, trestin baş geofiziki, Əlcəzair Respublikasında ekspert-geofizik, “Kəşfiyyatgeofizika” trestinin (indiki SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü) müdiri kimi vəzifələrdə çalışıb.

Ötən əsrin 60-70-ci illərindən başlayaraq bütün dünyada geofiziki məlumatların rəqəmsal qeydiyyatı və emalı proseslərinə keçid dövrü hesab edilirdi. Məhz bu dövrdə əmək fəaliyyətinə başlamış N.Yusubov azərbaycanlı mütəxəssislərin iştirak etmədiyi bir işlə - proqramlaşdırma ilə məşğul olmağa başlayıb. Belə ki, o, nəinki Azərbaycanın, keçmiş Sovet İttifaqı ölkələrinin, o cümlədən Moskvada yerləşən Mərkəzi Geofizika Ekspedisiyasının mütəxəssisləri sırasında layiqli yerini tutub və söz sahibinə çevrilib.

1970-ci illərin əvvəllərində Azərbaycanda yaradılmış hesablama mərkəzinin inkişafında və Sovet İttifaqı çərçivəsində tanınmasında N. Yusubovun xidmətləri xüsusi qeyd edilməlidir. Gənc mütəxəssisi Azərbaycanda geofiziki məlumatların emalı və interpretasiyası məktəbinin yaradıcılarından biri kimi tanıdıb. N.Yusubov Azərbaycanda aparılmış 2D/3D geofiziki kəşfiyyat işlərinin layihələrinin tərtibi, geofiziki-geoloji məlumatların emalı və interpretasiyası üzrə tədqiqatların bilavasitə iştirakçısı və icraçısı kimi fəaliyyət göstərib, 100-dən artıq neftli-qazlı obyektin aşkarlanmasında iştirak edib. Gənc mütəxəssisin layihələri əsasında yaradılmış, müasir innovasiya texnologiyalarını özündə cəmləşdirən hesablama mərkəzi neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı sahəsindəki fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, geofiziki məlumatların emalı üzrə 3 proqram kompleksinin (КЦ ОГТ-1, СЦ ОГТ-2 və СЦС-3) həmmüəllifi olub. Seysmik yazıların süzgəclənməsi və spektral analizi, seysmik dalğa sahəsinin dinamik və kinematik parametrlərinin təhlili əsasında seysmostratiqrafik analizi, geoloji kəsilişin maddi tərkibinin proqnozlaşdırılması, seysmogeoloji və petrofiziki modelləşdirmə və s. kimi məsələlərlə bağlı apardığı tədqiqatlar əsasında bir sıra elmi-təcrübi nəticələr əldə edib, onların istehsalatda tətbiqinə nail olub. Palçıq vulkanizminin yaranma mexanizminin öyrənilməsi və onun neft-qaz yataqlarının yaranması ilə əlaqəliliyinin və az dərinliklərdə yaranan zəlzələ ocaqlarının tədqiqi üzrə bir sıra əhəmiyyətli elmi nəticələr əldə edib.
N.Yusubov fəaliyyətini təkcə istehsalatla məhdudlaşdırmayıb. O, istehsalatdan ayrılmadan məzunu olduğu ali təhsil müəssisəsinin aspirantura şöbəsinə daxil olub, 1986-ci ildə “Mürəkkəb seysmogeoloji şəraitlərdə qeyd olunan seysmik yazıların emalı və interpretasiyası üsullarının işlənib hazırlanması və səmərələşdirilməsi” mövzusunda namizədlik, 2006-cı ildə "Azərbaycanın mürəkkəb geoloji quruluşlu neftli-qazlı rayonlarında seysmik kəşfiyyatın səmərəliliyinin seysmogeoloji modelləşdirmə əsasında yüksəldilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, bir elmi monoqrafiya, 2 kitab, 90 elmi məqalə müəllifidir, seysmik kəşfiyyat üzrə 3 cildlik dərsliyin həmmüəllifidir. Həmçinin 30-dan çox səmərələşdirici təklif, 30-dan çox alqoritm və proqram müəllifidir.

O, əldə etdiyi nailiyyətləri hər birində iki il müddətində olmaqla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin tələbələri ilə bölüşməyə nail olub.
N.Yusubov 43 illik istehsalat fəaliyyəti dövründə Azərbaycanda seysmik məlumatların qeydiyyatının analoq şəklindən rəqəmsala keçid dövrünün mükəmməl təməl üzərində qurulmasını və inkişaf etdirilməsini təmin edən mütəxəssislər sırasında aparıcı mövqedə dayanıb. O, hal-hazırda innovativ texnologiyalara əsaslanan bu sahə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin qarşısında qoyulan axtarış kəşfiyyat işləri üzrə tədqiqatların müasir standartlar səviyyəsində yerinə yetirilməsini təmin edir.

O, Sovetlər dönəmində "Səmərələşdiricilər və ixtiracılar əlaçısı” döş nişanı, (1975-ci il) "Gənc mütəxəssislər sovetində" müvəffəqiyyətli fəaliyyətinə görə SSRİ Neft Sənayesi Nazirliyinin qiymətli hədiyyəsi (1977-ci il) ilə mükafatlandırılıb.
N.Yusubovun fəaliyyəti müstəqillik illərində də qiymətləndirilib. Belə ki, o, SOCAR-nın Fəxri fərmanı (2006-cı il) ilə təltif edilib, həmçinin neft sənayesi sahəsində xidmətlərinə görə 2009-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" adına layiq görülüb və 2015-ci ildən Prezident təqaüdçüsüdür. O, eyni zamanda, Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG) fəal üzvü, “Azərbaycan Milli Geofizika Komitəsi” İctimai Birliyinin sədr müavini, "Azərbaycanda geofizika yenilikləri" jurnalının redaksiya heyətinin üzvüdür. N.Yusubov 2016-cı ildən Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda “Neft-qaz geofizikası” şöbəsinin rəhbəridir.

AMEA Neft və Qaz İnstitutunun kollektivi adından Namaz müəllimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və işlərində yeni nailiyyətlər arzu edirik!

https://www.facebook.com/102279731461808/posts/302414504781662/?d=n