AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-05-10 13:35:14 337

Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyev

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, zirvələri fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə, həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə SSRİ səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri -- cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya, morfologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilibdir.

Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.