AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-24 18:31:30 378

AMEA Neft və Qaz İnstitutunda Respublika elmi-praktiki konfransı keçirildi

AMEA Neft və Qaz İnstitutunda Azərbaycan xalqının ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirildi.
Konfransda İnstitutun direktoru, akademik Fəxrəddin Qədirov, elmi işlər üzrə direktor müavini g.-m.e.d., prof. Vaqif Qurbanov, elmi katib ,təşkilat komitəsinin üzvləri, proqram komitəsinin üzvləri, çıxış edən əməkdaşlar və AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev iştirak etmişdir.
Akademik Fəxrəddin Qədirov konfransı açaraq, ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs etdi. Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cı ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də dərin keyfiyyəti dəyişikliklər baş vermişdir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başladı. 1975-ci ildə neft və qazın ümumi hasilatın 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Azəri, Günəşli, Çıraq). F.Qədirov 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 böyük neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü sazişi” – “Əsrin müqaviləsi” imzalandığının Azərbaycan üçün böyük nailiyyət olduğunu qeyd etdi.
Daha sonra AMEA Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov konfrans haqqında fikirlərini söylədi və “Yeni neft strategiyası”nın nailiyyətlərinin bir çox istiqamətlərdə reallaşdığını qeyd etdi. Bunlara Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması, Azərbaycanın, neft –qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışınn təmin edilməsi aiddir.
Ümummilli lider Heydər Əliyevin müəllif olduğu “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika və texnologiyalarının Azərbaycana gətirilməsi idi.
“Neft-Qaz problemləri və perspektivləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfrans “Neft və Qaz geologiyası”,”Geokimya”, “Geofizika”, “Geodinamika”, “Geoekologiya”, “Hidrogeologiya” ,”Neft və qaz yataqlarının işlənməsi və istismarı” və “Quyu qazma texnologiyaları” elmi istiqamətlərdə keçirilmişdir.
Konfransa ümumilikdə 46 tezis təqdim edilmişdir. Konfransda bir sıra maraqlı çıxışlar oldu.
AMEA Neft və Qaz İnstitutundan Aysel Məmmədova Qarabağlı sahəsində məhsuldar qat çöküntülərinin litoloji xüsusiyyətləri barədə çıxış etdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən üzrə İradə Məmmədova Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin eko-geokimyəvi xüsusiyyətləri haqqında məruzə etdi.
AMEA Neft və Qaz İnstitutundan Səidə Pənahova Məsaməli mühitlərdə sıxışdırmada əhatə dairəsini genişləndirmək üçün effektiv üsul və onun elmi əsasları barədə tədqimat etdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Ümid Səmədli Layların məhsuldarliğının təyinində elektrik karotaji üsulunun geoloji səmərəliliyinin qiymətləndirilməsi haqqında mülahizələr söylədi.
AMEA Neft və Qaz İnstitutundan İsmayıl İsmayılov Pirallahı strukturunun QLD və QALD çöküntülərinin kimyəvi analiz əsasında yerinə yetirdiyi işlərin nəticələrindən danışdı.
AMEA Geologiya və Geofizika İnstitutundan Aygün Nağızadə Lökbatan, Şıxzərli və Torağay palçıq vulkanlarının tullantılarında yanar şistlərin mineralogiyası və geokimyası təsnifatı və yetkinlik xüsusiyyətləri barədə çıxış etdi.
AMEA Neft və Qaz İnstitutundan Əli Mehdiyev Cənubi – Şərqi Qobustanın tektonik quruluşunun xüsusiyyətləri və neftlilik-qazlılıq perspektivliyinin qiymətləndirilməsi haqqında məruzə etdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Aytac Oruczadə Azərbaycanda neft quyularının qazılması zamanı yaranan ekoloji problemlərin müasir vəziyyəti əsasında təqdimat təqdim etdi.
AMEA Neft və Qaz İnstitutundan Fatimə Bayramova Atmosferə atılan karbon qazının tutulub-yığılması və tükənmiş neft-qaz laylarında saxlanması prespektivliyi barədə çıxış etdi.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən İsmayılova A. T. Xəzər dənizinin Neft-Qaz yataqları ərazilərininin seysmik aktivliyindən yaranan mümkün ekoloji fəlakəti haqqında məruzə etdi.
AMEA Geologiya və Geofizika İnstitutu üzrə Heydərli S. Y. Talış zonasının Astara antiklinorisininin Paleosen çöküntülərinin formalaşmasını geokimiyəvi xüsusiyyətlərini mütaliə etdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən üzrə Hümbətova M.M. Quyu məmulatlarının kəmiyyət interpretasiyasını nəticələrinə görə çökmə süxurların genezisinin öyrənilməsi haqqında danışdı.
Geologiya və Geofizika İnstitutundan Qaraşova R. V. isə Ceyrançöl və Kiçik Qafqaz ön çökəkliklərində Miosen süxurlarının mineraloji tərkiblərinin müqayisəsindən bəhs etdi.
Cəlilova I.N. Bakı şəhəri, Nizami rayonunda hidrogeoloji şəraitin müəyyənləşdirilməsi barədə məruzə etdi.
AMEA Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov və şöbə müdiri, g.m.e.d. Namaz Yusubov onlara konfransın əhəmiyyəti və yekunları haqqında danışdılar və konfrans iştirakçılarına konfransa qatıldıqlarına görə təşəkkür edərək gələcək elmi fəaliyyətində uğurlar arzu etdilər.
Sonda GAMŞ sədri Səmədli Pünhan konfransın keçirilməsində və təşkilində göstərilən dəstəyə görə institutun rəhbərliyinə öz təşəkkürünü bildirdi və konfrans iştirakçılarına müvəffəqiyyətlər arzuladı.