AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-06-22 14:57:10 262

Palçıq vulkanizmi ilə karbohidrogen yataqlarının əlaqəsinə dair elmi seminar keçirildi

AMEA Neft və Qaz İnstitutunun əməkdaşının AMEA Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirildi.

Tədbirdə AMEA Neft və Qaz İnstitutunun Neft-qaz geofizikası şöbəsinin müdiri, g.-m.e.d. Namaz Yusubovun “Palçıq vulkanizmi ilə karbohidrogen yataqlarının əlaqəsi varmı? (Cənubi Xəzər çökəkliyi)” mövzusunda məruzəsi dinlənildi.

Təqdimatda seysmik kəşfiyyatın əksolunan dalğa üsulunun istifadəsi ilə çökəklikdəki çöküntü qatının strukturu və onun daxilində yer almış tektonik elementlər və palçıq vulkanizminin və neft-qaz yataqlarının yaranma mexanizmlərinə vahid bir hidrodinamik sistemin tərkib hissələri kimi baxılması haqqında məlumat verildi.

G.-m.e.d. Namaz Yusubov Cənubi Xəzər hövzəsindəki neft-qaz yataqlarıyla zəngin çöküntü kompleksinin yaranması və saxlanmasına nəzarət etmiş geodinamik proseslərin təbiətinin aydınlaşdırılması üzrə tədqiqatlarda seysmik kəşfiyyatın əksolunan dalğa üsulu əvəzsiz xidmət göstərdiyini vurğuladı.

Belə əsaslandırıldı ki, çökəklikdə aşkarlanmış yataqların formalaşmasında tektonik qırılmalar, palçıq vulkanizminin fəaliyyətilə əlaqədar yaranmışlar istisna olmaqla, iştirak etməmişdir.

Bu üsul sedimentasiya proseslərində yaranmış fasilələr və ya toplanmış çöküntü materialinin eroziyası hesabına yaranmış fiziki səthlərin (lay və uyğunsuzluq) süni yolla oyadılan seysmik dalğa enerjisini özündən aşağı və ya yuxarı yarımfəzaya ötürmə və əks etdirmə xüsusiyyətlərinə əsaslanır. Digər sözlə, geoloji mühitdən əks olunan dalğa cəbhsi sinxron və ya qeyri-sinxron geoloji hadisələr haqqında məlumat daşıyıcısıdır.

Yer qabığının elementləri olan lay və uyğunsuzluq səthlərindən əksolunmalar zaman kəsilişlərində seysmik horizontlar kimi təmsil olunurlar. Seysmik zaman kəsilişi tədqiqat sahəsinin geolji kəsilişindəki tektonik pozulmalar, litofasial dəyişkənliklərin hüdudları, müxtəlif formalı qırışıqlıqlar, palçıq vulkanlarının eruptiv kanalları, və s. haqqında müfəssəl məlumat daşıyıcısıdır. Beləliklə, seysmik zaman kəsilişi geoloji kəsilişi müşahidə xəttindən keçən şaquli müstəvi üzrə əks etdirir.