AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-17 10:07:16 351

Allah rəhmət eləsin!

AMEA Neft və Qaz İnstitutunun kollektivi “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Arif Mehdi oğlu Quliyevin vəfatından kədərlənir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Arif Mehdi oğlu Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin dövrdən etibarən əhatəli əmək fəaliyyəti ərzində Azərbaycan Milli Elmlər Akademiyasında Neft Ekspedisiyasında, Neft və Qaz Yataqlarının İşlənməsi, Dərin Neft və Qaz Yataqları Problemləri, Geologiya və Geofizika və Neft və Qaz İnstitutlarında böyük laborant, kiçik və böyük elmi işçi, laboratoriya və şöbə müdiri, baş elmi işçi vəzifələrində işləmiş, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (hazırkı SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutu), kiçik elmi işçi, böyük mühəndis vəzifələrində çalışmışdır. 1976-1985-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ömrünün son illəri ərzində AMEA Neft və Qaz İnstitutunda “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.
A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almış, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
A.M.Quliyevin elmi fəaliyyəti çoxşaxəli olub, neft-qaz elminin bir çox mühüm sahələrini əhatə etmişdir. O, neft və qaz yataqlarının işlənməsi, yeraltı hidrodinamika, lay və quyuların tədqiqatı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, neft-qaz kompleksinin inkişafının proqnozlaşdırılması və optimal idarə olunması, layların neft veriminin yüksəldilməsi və hasilatın intensivləşdirilməsi kimi mühüm elm sahələrinin fundamental və tətbiqi problemlərinin işlənilməsində əhəmiyyətli xidməti olan və aldığı nəticələrlə tanınan neftçi-alim idi.
Səmərəli elmi fəaliyyəti sayəsində əldə etdiyi elmi-təcrübi nəticələrə görə həm köhnə SSRİ məkanında, həm də ölkəmizdə neftçi alim-mütəxəssislər arasında böyük şöhrət və rəğbət qazanmışdır.
A.M.Quliyevin əldə etdiyi elmi nəticələr əsasında bir sıra təsərrüfat müqaviləsi işləri yerinə yetirilmiş, həmin nəticələrin bir qismi müxtəlif “Rəhbər Sənəd” lərə daxil edilmiş, müxtəlif illərin ən mühüm elmi nəticələri kimi dəfələrlə SSRİ EA və AMEA-nın hesabatlarına salınmış, Azərbaycanın (Qaradağ, Cənub, Bahar, Bulla-Dəniz, Palçıq Pilpiləsi və s.), Rusiya və Türkmənistanın neft və qaz yataqlarının işlənilməsinin layihələndirilməsi və təhlili üzrə özünün iştirakı və rəhbərliyi ilə aparılan işlərdə istifadə olunmuşdur.
O, 4 elmlər doktoru və 14 elmlər namizədi hazırlamış, 253 elmi əsərin, o cümlədən 10 monoqrafiya və kitabın, neftqazçıxarma terminlərinin rusca-ingiliscə-azərbaycanca izahlı lüğətinin, istehsalatda tətbiq olunan 6 təlimat və metodik rəhbərliyin, 12 ixtira və patentin və tələbə və magistrlərin istifadəsi üçün nəzərdə tutulan 1 metodiki göstərişin müəllifi olmuşdur. Həmmüəlliflərlə birgə tərtib etdiyi neftqazçıxarma terminlərinin izahlı lüğəti neftqazçıxarmanın bir sıra sahələrinə dair ən çox istifadə olunan 11 mindən artıq mühüm termini əhatə etməklə hal-hazırda neftqaz sənayesi mütəxəssisləri, elmi işçilər, müəllim, tələbə və magistrlər, elmi-texniki ədəbiyyatın tərcüməçiləri üçün dəyərli vəsaitə çevrilmişdir.
A.M.Quliyev Almaniya, Türkiyə, İran, Rusiya və b. ölkələrdə elmi konfranslarda iştirak etmiş, YUNOKAL şirkəti ilə birgə layihəyə əsasən ABŞ-da şirkətin əməkdaşları ilə birlikdə elmi-tədqiqat işləri aparmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra rəhbəri olduğu dövrdə təhsilin keyfiyyətini yüksəltmək məqsədilə müasir tədris laboratoriya və kabinetləri yaratmış, biliyin testlə yoxlama sistemini ilk dəfə tətbiq etmiş, elmi-tədqiqat laboratoriyası təşkil etmiş və tələbələri elmi-tədqiqat işinə cəlb etməklə tədrislə elmin vəhdətinin yaradılmasına nail olmuşdur.
A.M.Quliyev keçmiş SSRİ EA “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və Azərbaycan MEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, Azərbaycan MEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, bir sıra ixtisaslaşdırılmış şuraların üzvü, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur. Amerika Neftçi-Mühəndislər Cəmiyyətinin və Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvü olmuşdur. ABŞ-da dərc olunan “Universal Journal of Geoscience” jurnalının xarici eksperti, “Earth Sciences”, “International Journal of Oil, Gas and Coal Engineering” və “Science Journal of Energy Engineering” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.
O, M.İ.Qubkin adına mükafatın laureatı, SSRİ ixtiraçısı, ali məktəbdə yüksək nailiyyətlərinə görə fəxri adlara layiq görülmüş və keçmiş Sov. İKP MK, SSRİ Nazirlər Sovetinin, ÜİHTMŞ və ÜİLKGİ MK-nin, SSRİ maarif nazirliyinin, eləcə də AMEA Rəyasət Heyətinin bir sıra Fəxri fərmanları ilə, həmçinin medallarla təltif olunmuşdur.
“Quruçay” xeyriyyə cəmiyyətinin və “Qarabağ Uğrunda Ümumazərbaycan Hərəkatı”nın sədri kimi XX yüzilliyin son illərində Vətənimiz üçün ağır olan bir dövrdə qaçqın və məcburi köçkünlərə dayaq durulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönümündə əvəzsiz ictimai fəaliyyət göstərmiş, bu istiqamətlərdə göstərdiyi fəaliyyətlərinə və daşıdığı şəxsi keyfiyyətlərinə görə hər bir azərbaycanlı üçün həmişə dövlətin mənafeyini qoruyan, vətənini, xalqını canından artıq sevən əsl vətəndaş-ziyalı nümunəsi olmuşdur.
Arif Mehdi oğlu Quliyevin əldə etdiyi elmi nəticələr bundan sonra da hələ uzun illər öz aktuallığını qoruyub saxlayacaq, neft-qaz elminin inkişafına öz tövhəsini verəcəkdir. Onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!