AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-16 10:25:14 181

AMEA Neft və Qaz İnstitutunun baş və icraçı direktoru Moskvada Xəzər Enerji Forumunda iştirak ediblər

8-10 dekabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində 14-cü Xəzər dənizi ölkələrinin Enerji Forumu (“Caspian Energy Forum”) keçirilib.

Forumun həmtəşkilatçıları və tərəfdaşları Neft, Qaz və Kömür Yataqlarının Geologiyası və İşlənməsi üzrə Rusiya Elmlər Akademiyasının (REA) Elmi Şurası, REA Sibir Bölməsinin A.A.Trofimuk adına Neft Qaz Geologiyası və Geofizikası İnstitutu, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, REA Neft və Qaz Problemləri İnstitutu, Qazaxıstan Neft Geoloqları Cəmiyyəti və digər təşkilatlar olub.

“Caspian Energy Forum” 2008-ci ildən Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Təbii Sərvətlər Nazirliyi, Rusiya İqtisadi İnkişaf Nazirliyi, Rusiya Elmlər Akademiyası və Rusiya Ticarət və Sənaye Palatasının iştirakı və dəstəyi ilə keçirilir.

Xəzər Forumu 2021 çərçivəsində prioritet Xəzər dənizinin karbohidrogen ehtiyatlarının öyrənilməsi, qiymətləndirilməsi və işlənməsi, monitorinqi, təbii, texnogen və geoloji risklərin birgə aradan qaldırılması və Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri hesab olunur.

Forumun işində AMEA-nın Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov və icraçı direktor professor Vaqif Qurbanov iştirak ediblər.

Akademik F.Qədirov açılış günü AMEA adından forum iştirakçılarını salamlayıb. Tədbirin ilk günü akademik F.Qədirov dəvətli məruzə ilə çıxış edib. Professor V.Qurbanov həmmüəllifi olduğu “Cənubi Xəzər hövzəsinin (Azərbaycan) karbohidrogen ehtiyatları: mövcud vəziyyət və perspektivlər” adlı məruzə forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Akademik F.Qədirov forumun “Xəzər ətrafı ölkələrin neft-qaz kompleksləri. Müasir çağırışlar və əməkdaşlıq perspektivləri” sessiyasının işinə rəhbərlik edib.

14-cü Caspian Energy Forumu çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ilə işgüzar görüşlər keçirib. Nümayəndə heyəti Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Neft və Qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının rəhbəri professor, Rusiya Federasiyasının əməkdar geoloqu Vaqif Kərimovla görüşüb və kafedranın fəaliyyəti ilə tanış olublar. Bu görüşlərin nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu ilə Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.