AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-01-25 11:20:33 177

AMEA-nın Beynəlxalq elmi əməkdaşlıq şöbəsi hesabat verib

AMEA-nın Rəyasət Heyəti aparatında Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin 2021-ci ildə fəaliyyəti üzrə hesabatına həsr olunmuş iclas keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin əməkdaşları, AMEA-nın elmi bölmələrinin elmi katibləri və elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak ediblər.

Tədbirdə həmçinin AMEA Neft və Qaz İnstititunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aygün Qulizadə iştirak etmişdir.

Hesabat iclasını giriş sözü ilə açan dosent Seyfəl Həsənov beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin elmi inteqrasiyada, prioritet elmi istiqamətlər üzrə müştərək proqram və layihələrin həyata keçirilməsində, müasir sahələr üzrə kadr hazırlığında əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra 2021-ci ildə bu istiqamətlərdə həyata keçirilən tədbirlər və nəticələr haqqında ətraflı məlumat vermək üçün sözü AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevaya verib.

E.Əlirzayeva çıxışında şöbənin çoxşaxəli fəaliyyət istiqamətlərinin layihələr, kadr hazırlığı, əməkdaşlıq sənədləri, qurumlarla əlaqələr, hökumətlərarası birgə komissiyaların sənədləri, tədbirlər, görüşlər və səfərlərin təşkili, diaspora və bir sıra digər sahələr üzrə fəaliyyət kimi təsnifləşdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi qeyd edib ki, ikitərəfli və çoxtərəfli layihələrdə iştirak beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə mühüm fəaliyyət istiqamətidir. Şöbə yeni layihə müsabiqələrinin keçirilməsi, təqdim edilmiş layihələrin dəyərləndirilməsinin təşkili, qalib layihələr üzrə məlumat və hesabatların toplanması və məlumat bazalarının hazırlanması isitqamətlərində fəaliyyət göstərir. Hesabat ilində AMEA ilə Belarus Dövlət Elm və Texnologiya Komitəsi (BDETK) tərəfindən 2-ci müştərək layihə müsabiqəsi elan edilib və müsabiqəyə 15 layihə təqdim olunub. Layihələr hər 2 tərəfdən texniki ekspertizadan keçirildikdən sonra 10 layihə elmi ekspertiza üçün təsdiqlənib. TÜBİTAK ilə 3-cü layihə müsabiqəsi çərçivəsində təqdim edilmiş və texniki eskpertizadan sonra seçilmiş 48 layihənin xarici ekspertlər tərəfindən dəyərləndirilməsi təşkil edilib. AMEA və BDETK ilə 1-ci, TÜBİTAK ilə 2-ci layihə müsabiqələri çərçivəsində həyata keçirilən 6 layihənin icrası üzrə məlumatlar hazırlanıb. İtaliya Milli Tədqiqatlar Şurası (CNR), İtaliya Xarici İşlər Nazirliyi və Bolqarıstan Elmlər Akademiyası ilə müştərək seçilmiş layihələrin icrası pandemiya səbəbindən təxirə salınıb. Qeyd edilib ki, hesabat ilində digər ölkələrin fond və proqramları tərəfindən elan edilmiş müsabiqələr haqqında məlumatın respublikanın bütün müvafiq təşkilatları arasında yayımlanması da təşkil olunub.

Azərbaycanın alim və mütəxəssislərinin Avropa Birliyinin yeni Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramında uğurlu iştirakını dəstəkləmək məqsədilə Avropa Komissiyasının nümayəndələrinin iştirakı ilə regionlar da daxil olmaqla, Azərbaycanın müxtəlif elm və təhsil müəssisələri, dövlət qurumlarının əməkdaşları üçün virtual Məlumat Günü və bu Proqram üzrə çağırışlara uyğun layihə təkliflərinin yazılmasına dair 3 günlük təlim təşkil edilib.

Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvlərinin iştirakı ilə AMEA-nın, Azərbaycanın ali təhsil və səhiyyə müəssisələrinin, dövlət qurumlarının nümayəndələri üçün Yaşıl Razılaşma (Green Deal Call) Çağırışı üzrə məlumatlandırma vebinarları keçirilib. Müxtəlif sahələr üzrə MƏŞŞ üzvlərinin fərdi vebinarları təşkil edilib, video materiallar hazırlanıb və sosial şəbəkələr vasitəsilə yayılıb. Şöbə tərəfindən AR Təhsil Nazirliyi ilə əməkdaşlıqda ali təhsil müəssisələrinin və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıqda TƏBİB-in elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssisləri üçün MƏŞŞ üzvlərinin iştirakı ilə vebinarlar təşkil olunub.

MƏŞŞ koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin iştirakı ilə “Horizon 2020” proqramı üzrə fəaliyyət çərçivəsində həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və yaranmış problemlərin müzakirəsi, həmçinin MƏŞŞ tərkibinin “Horizon Avropa” proqramının fəaliyyət istiqamətlərinə uyğunlaşdırılmasına həsr edilmiş görüşləri keçirilib. Yeni tərkibə müvafiq dövlət qurumlarının, elm, səhiyyə və təhsil müəssisələrinin mütəxəssisləri daxil edilib. “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramında Azərbaycan alimlərinin iştirakı üzrə statistik nəticələrə görə hazırda azərbaycanlı alim və mütəxəssislər COST proqramı üzrə 10-dan çox, Tədqiqat və İnnovasiya, Mari-Küri proqramları üzrə 5 layihədə iştirak edirlər.

AMEA-da kadr hazırlığı məsələsinə toxunan E.Əlirzayeva Akademiya ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq çərçivəsində 2021-2023-cü illər üçün müştərək doktorantura proqramı üzrə müsabiqə elan edildiyini, müraciətçilər arasından AMEA və Monpelye Universitetinin birgə komissiyası tərəfindən onlayn formatda keçirilən müsahibənin nəticəsi olaraq 1 doktorantın seçildiyini diqqətə çatdırıb. O bildirib ki, bu proqram üzrə 4 doktorant Monpelyedə təhsilini davam etdirib, 1 doktorant 2021-ci ildən təhsilə başlayıb. Hesabat ilində 20-yə yaxın gənc mütəxəssisin qabaqcıl ölkələrin elm və təhsil müəssisələrində doktorantura və postdoktorantura səviyyəsində təhsil aldığı və tədqiqat apardığı vurğulanıb.

2021-ci ildə “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”, “Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair Saziş” və “Azərbaycan Milli Elmlər Akademiyası və Lahor Dövlət Kollec Universiteti arasında Anlaşma Memorandumu” qarşı tərəflərlə əməkdaşlıqda hazırlanıb və imzalanıb. Həmçinin Ukrayna və Özbəkistanın bəzi qurumları ilə əməkdaşlıq sənədləri hazırlanıb və müvafiq dövlət daxili prosedurlardan keçirilib.

Məruzəçi AMEA-nın Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclası, Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında Qarışıq Komissiyanın 5-ci iclası, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Birgə Komissiyasının 7-ci iclası, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 6-cı iclasında birbaşa təmsil olunduğu, digər ölkələrlə birgə komissiyaların protokolları və Azərbaycan tərəfindən fəaliyyət planları üçün təkliflərlə iştirak etdiyini bildirib.

Həmçinin hesabat ilində AMEA-nın Rəyasət Heyətində və AMEA-nın bir sıra elmi müəssisələrində Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti, Macarıstanın və Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Qırğız-Türk Manas Universitetinin rəhbərliyi ilə görüş və müzakirələr təşkil edilib. Bununla yanaşı, şöbə tərəfindən müxtəlif ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin, Türkiyə, Polşa, Ukrayna, Belçika, Xorvatiya və s. ölkələrin elm və təhsil qurumları ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda AMEA-nın nümayəndə heyətinin Belarus Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Minsk şəhərində keçirilən “Müstəqil Dövlətlər Birliyinin 30 illiyi: yekunlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 34-cü sessiyasında, “MDB-yə üzv dövlətlərin alimlərinin III Forumu”nda və BEAA-nın Elmi şuralarının I qurultayında iştirakı təşkil edilib, həmin tədbirlər üçün son 5 ildə müvafiq ölkələr və təşkilatlarla əməkdaşlığa dair arayış hazırlanıb.

Elmi diasporla əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif ölkələrdə çalışan diaspor nümayəndələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, onlara müraciət məktubları göndərilib. Diasporla müştərək tədqiqatların inkişafını təşviq etmək məqsədilə birgə konfrans, seminar və dəyirmi masaların keçirilməsi üzrə tədbirlər planı hazırlanıb.

2021-ci ildə Avropa Komissiyasının təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı panelinin Tədqiqat və İnnovasiya üzrə keçirilən İşçi Qrupunun 3 qeyri-formal toplantısında Azərbaycanın müxtəlif dövlət qurumlarının, elm, səhiyyə və təhsil müəssisələrinin nümayəndələri daxil olmaqla, Azərbaycan nümayəndə heyətinin iştirakı və məruzələri təşkil edilib. Bununla yanaşı, şöbə tərəfindən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində təsis olunmuş məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya üzrə Alt komitənin yeddinci iclası üzrə 2 toplantıda iştirak edilib və məruzə olunub.

E.Əlirzayeva qeyd edib ki, bütün fəaliyyət istiqamətləri üzrə şöbə AMEA-nın elmi bölmələri və elmi müəssisələri ilə əməkdaşlıq edir. Eyni zamanda o, nailiyyətlərlə yanaşı, qarşıya çıxan problemləri və bu problemlərin aradan qaldırılması üzrə təkliflərini səsləndirib.

Məruzə ətrafında suallar cavablandırılıb və müzakirələr aparılıb.

Sonda AMEA-nın Rəyasət Heyəti aparatının rəhbəri, dosent Seyfəl Həsənov beynəlxalq əməkdaşlığın genişləndirilməsi və səmərəliliyin yüksəldilməsi istiqamətində şöbə əməkdaşlarına, AMEA-nın elmi müəssisələrinin müvafiq mütəxəssislərinə tövsiyələrini verib və 2022-ci ildə bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.