AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-02-02 07:10:18 750

AMEA-da 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Fevralın 1-də AMEA Rəyasət Heyətində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, Rəyasət Heyəti aparatın idarə və şöbə rəhbərləri, eləcə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov açaraq Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Gənc Alim və Mütəxəssislər Şurasının AMEA-nın və ölkənin elmi gəncliyinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın 42 elmi təşkilat və müəssisəsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası təxminən 2500 gənci əhatə edir.

Tədbirdə AMEA Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və sədr müavini Aysel Məmmədova 2021-ci ildəki elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Diplomu ilə təltif olunublar.