AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-16 14:43:51 123

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Geologiya və Geofizika İnstitutunda məruzə ilə çıxış etmişdir

AMEA Neft və Qaz İnstitutunun “Neft-qaz geofizikası” şöbəsinin rəhbəri g-m.e.d. Namaz Yusubov Geologiya və Geofizika İnstitutunun elmi şurasında “Seysmik məlumatların GPS müşahidə nəticələrilə kompleks interpretasiyası əsasında geostrukturların fərqli sürətlərlə və müxtəlif istiqamətli hərəkətlərinin səbəblərinin izahı” mövzusu üzrə məruzə ilə çıxış etmişdir.

O, müzakirə edərək qeyd edir ki, AMEA rəyasət heyətinin, GGİ-nin, NGİ-nin və Respublika seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının birgə təşəbbüsü ilə seysmoloji (2003-2019-cu illər), geodezik ölçmə (1998-2020-ci illər) və seysmik (1993-2019-cu illər) məlumatların birgə interpretasiyası əsasında nəticələr əldə edilmişdir.

Belə ki, Kür depressiyasının Böyük Qafqazla təmas zonasında tektonik strukturların üfüqi (şimal-şərq istiqamətli) hərəkət sürətlərinin ləngiməsinə səbəb tektonik pozulmalararası fəzadakı tektonik brekçiyanın sıxlaşması və kiçik miqyaslı strukturların deformasiyası (destruksiyası) ilə əlaqəlidir. Böyük Qafqazönü zonada yer səthinin hərəkətinin saat əqrəbi istiqamətinin əksinə yönəlməsi Avrasiya və Ərəbistan tavalarının hərəkət istiqamətlərinin və sürətlərinin fərqlliyi səbəbindən yaranan transmissiya qüvvələri ilə tənzimlənir.

Şamaxı-Qobustan ərazisində yer səthinin sag-yanal firlanmaları GPS cihazlarının quraşdırıldığı ərazilərdə bünövrənin ölçülərinin daralması fonunda yer qabığının üst hissəsindəki, palçıq vulkanizminin inkişafı ilə əlaqədar yaranmış, blokların dairəvi hərəkətlərə cəlb edilməsinin nəticəsidir.

Tədqiqatın nəticələrinə görə ərazinin geoloji kəsilişində yer almış stratiqrafik vahidlərin birinin digəri üzərində sürüşmələri də diqqət çəkir ki, bu da Avrasiya və Ərəbistan tavalarının yaratdıqları gərginlik qüvvələrinə tədqiqat ərazisinin cavab reaksiyasının təzahürüdür.