AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-05-13 10:29:53 64

AMEA Neft və Qaz İnstitutunun baş və icraçı direktoru “Xəzər Dialoqu-2022” Beynəlxalq Assambleyasının iclasında iştirak ediblər

“Xəzər Dialoqu-2022” Beynəlxalq Assambleyasının iclası 11 may 2022-ci ildə Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin nəzdindəki GlavUpDK mədəniyyət mərkəzində keçirilib.

İclasda, “Xəzəri xilas et” Beynəlxalq Konfransında Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Hollandiyadan beynəlxalq təşkilatların, hökumət orqanlarının, elm və təhsil müəssisələrinin, ekoloji təşkilatların, şirkətlərin və KİV-lərin 60-dan çox rəhbər və nümayəndələri çıxış ediblər. Assambleyanın iclasında AMEA Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov və həmmüəllifi icraçı direktor, g.-.m.e.d., prof. Vaqif Qurbanov on-line formatda iştirak edib.

Akademik Fəxrəddin Qədirov və həmmüəllifi g.-.m.e.d., prof. Vaqif Qurbanov “Xəzər regionunun geodinamik təhlükəsinin monitorinqi: perspektivlər və birgə tədqiqatların əlaqələndirilməsi” mövzusunda çıxış ediblər. Akademik Fəxrəddin Qədirov məruzəsində Rusiya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinın uzun illərdir ki, imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində bu problemlər üzərində uğurla işlədiyindən bəhs etdi. Son onilliklər ərzində geodeziya və GPS üsulları ilə külli miqdarda yeni məlumatlar əldə edilmişdir ki, bu da Xəzər dənizinin qərb sahilində (Rusiya, Azərbaycan) və cənubda yer qabığının müasir hərəkətlərinin və geoloji təhlükələrin təbiəti haqqında yeni təsəvvür yaratmışdır. Məruzədə qeyd edilmişdir ki, Xəzər dənizinin şərq hissəsində GPS sürətləri ilə bağlı heç bir məlumat yoxdur ki, bu da bizə geodinamik təhlükələr məsələsini tam həll etməyə imkan vermir. Akademik F.Qədirov Xəzər dənizində və ətraf ərazılərdə baş verəcək təhlükəli təbiət hadisələrinin geniş tədqiq edilməsinin Xəzər yanı dövlətlərin birlikdə aparacağı monitorinq və tədqiqatlarla mümkün ola biləcəyini qeyd edib. Bu məqsədlə Xəzəryanı dövlətlərin Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan alimlərinin geodinamik tədqiqat konsorsiumunun yaradılmasını təklif edib. Xəzər regionu ölkələri arasında elmi informasiya və nəşrlərin mübadiləsinin, eləcə də birgə elmi konfransların keçirilməsinin gələcəkdə də davam etdirilməsi vacibliyi də qeyd edilmişdir. F.Qədirov konsorsium çərçivəsində tədqiqatların aparılmasının Xəzər regionunda təbii təhlükələrin qiymətləndirilməsində geniş imkan yaradacağını da xüsusi vurğuladı. Məruzə iclasın iştirakçıları tərəfindən tərəfindən maraqla dinlənildi və müzakirə edildi.