AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-06-08 15:21:53 57

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik qəbul olundu.

İclasda g.-m.e.d. Namaz Yusubov “Dizyunktiv dislokasiyaların Cənubi Xəzər çökəkliyinin çöküntü örtüyünün neft-qazlılığına təsiri” mövzusunda məruzəsi ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, regional miqyaslı profillər boyu qeydə alınmış əksolunan seysmik dalğa sahəsinin geoloji dəyərləndirilmə nəticələrinə görə, çöküntü kompleksinin dabanının: Orta Kürdə Yura; Aşağı Kürdə, Cənubi Xəzərdə, Orta Xəzərdə və Quba-Xəzəryanı rayonlarında isə Paleozoy yaşlı bünövrə ilə təmasda olması fikri əsaslandırılıb.

Azərbaycanın depressiya ərazilərində, o cümlədən Orta Xəzər və Cənubi Xəzər çökəkliklərində çöküntü qatın qalınlığı haqqında məlumatlar dəqiqləşdirilmiş və mövcudluğu güman edilən bir sıra regional miqyaslı tektonik qırılmaların Azərbaycanın depressiya zonalarında, o cümlədən Cənubi Xəzər və Orta Xəzər çökəkliklərinin çöküntü qatında yer almadığı və onların karbohidrogen yataqlarının yaranmasında iştirak etmədiyi haqqında yeni fikir formalaşdırılıb. Daha sonra çöküntü qatın Balaxanı lay dəstəsindən sonrakı intervallarında müşahidə olunan tektonik qırılmaların palçıq vulkanizmilə əlaqəliliyi seysmik məlumatlar əsasında sübut edilib.

Orta Kür və Quba Xəzəryanı rayonlarında neft yataqlarının laydaxili miqrasiya nəticəsində ana süxurlardakı (Eosen, Maykop) stratiqrafik ekranlaşmış tələlərdə və nefttörədici layların Mezozoy yaşlı çöküntü kompleksilə təmaslarındakı rezervuarlarda, Cənubi Xəzər və ona bitişik Aşağı Kür və Şamaxı-Qobustan çökəkliklərində palçıq vulkanizminin eruptiv kanalları ilə Maykop lay dəstəsindən ayrılan karbohidrogen flüidlərinin Məhsuldar Qat laylarındakı rezervuarlarda toplanması nəticəsində yarandıqları haqqında mühüm nəticələr əldə edilib.

Müəllifin tədqiqatlarının əsas nəticələri 3 yerli jurnalda, 2-si «РИНЦ» və 4-ü Web of Science o cümlədən, Scopus bazalarına daxil olan jurnallarda dərc edilib.

G.-m.e.d. Namaz Yusubovun “Dizyunktiv dislokasiyaların Cənubi Xəzər çökəkliyinin çöküntü örtüyünün neft-qazlılığına təsiri” mövzusunda məruzəsinin aktuallığı qeyd edildi və əldə edilmiş nəticələrin ilkin qiymətlədirmə səciyyəsi daşıdığından mövzu üzrə tədqiqatların davam etdirilməsi qərara alındı.

Gündəlikdə qeyd olunan məsələlər arasında baş direktor, akademik Fəxrəddin Qədirov institutun Elmi Şurasının tərkibində qismən dəyişiklik, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın və institutun əməkdaşlarının attestasiyasının keçirilməsi barədə məlumat verdi.

Daha sonra 2022-ci ildə başa çatan “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin və ehtiyatların idarə edilməsinin proqnozlaşdırılması üçün yeni üsullarının yaradılması” ETİ-nin gedişatı haqqında t.e.n. Bünyad Kazımov və “Azərbaycanın neft-qazlı komplekslərinin stratiqrafik identifikasiyası” adlı ETİ-nin yerinə yetirilməsinin gedişatı haqqında f.-r.e.d. Ədalət Həsənov məlumat verdi.

Gündəlikdə duran növbəti məsələ üzrə institutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov institutun doktorantlarının və dissertantlarının attestasiyası və 2021-ci ildə qəbul olunmuş doktorant və dissertantların fərdi iş planlarının təsdiqi haqqında hesabatı təqdim etdi.

İclasın sonunda İnstitutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov elmi vəzifələrin tutulması üçün müsabiqə komissiyasının qərarını elan etdi və həmin vəzifələrin tutulması üçün müsabiqə keçirildi. Gizli səsvermə yolu ilə f.-r.e.d. Ədalət Həsənov şöbə müdiri və Ülviyyə Mövsümova baş elmi işçi vəzifələrinə seçildi.