AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-23 10:32:13 37

Akademik Fəxrəddin Qədirov “Qarabağın geoloji öyrənilməsi: qısa tarıx və tədqiqatların inkişaf strategiyası” haqqında beynəlxalq konfransda çıxış etdi

Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçiriləcək “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirildi.

Beynəlxalq konfransda təşkilat komitəsinin fəxri sədri akademik Arif Həşimov, sədri akademik İradə Hüseynova, məsul katiblər və komitənin üzvləri iştirak ediblər.

Əvvəlcə vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Qarabağ həqiqətlərini, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərini, Şuşa və digər azad olunmuş rayonlarımızda baş tutan tədbir və festivalları əks etdirən videoçarx nümayiş olunub, Dövlət Himni səsləndirilib.

Konfransda Yer elmləri bölməsi üzrə elmi şuranın sədr müavini, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov çıxış etmişdir. Fəxrəddin Qədirov Qarabağın geoloji öyrənilməsi: qısa tarix və tədqiqatların inkişaf strategiyası haqqında çıxış etdi. O bildirdi ki, Qarabağın geoloji öyrənilməsinə Azərbaycan ərazisinin geoloji tədqiqi tarixi kontekstinə baxılması lazımdır. Bu kontekstdə geoloji öyrənilmə tarixi dörd mərhələyə ayrıla bilər. Birinci mərhələ üzrə Azərbaycan ərazisində elmi xarakterli geoloji tədqiqatlar XIX əsrin 20-ci illərində Qafqazın Rusiyaya birləşməsindən dərhal sonra baş vermişdir. Bu Qafqazın müxtəlif regionlarının süxurlarının, həmçinin Abşeron yarımadasında neft quyularının və palçıq vulkanlarının təsvirindən ibarət olmuşdur. Bu ilk tədqiqatlar həmin illərdə Qafqaza gələn rus ordusunun tərkibində olan dağ-mədən geoloq təhsilli zabitlərin hesabatlarında və bir çox tanınmış geoloqların əsərlərində öz əksini tapmışdır.

Geoloji tədqiqatların ikinci mərhələsi 1880-ci ildə Qafqaz Mədən İdarəsinin, 1882-ci ildə Geologiya Komitəsinin və müxtəlif təbiətşünaslar cəmiyyətlərinin Rusiyada təşkili ilə başlanır və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər olan dövrü əhatə edir. Tədqiqat işləri əsasən Cənub-Şərqi Qafqaz, Abşeron yarımadası və Kür ovalığı daxilində aparılmış və bəzi halda bu tədqiqatlar Kiçik Qafqaz ərazisini də əhatə etmişdir. 1917-ci ilə qədərki dövrün digər işlərindən həmçinin Z.K.Konyuşev (1913 və 1914-cü illər) tərəfindən aparılmış Kiçik Qafqazın şimal yamacı və Tərtər çayının vadisi boyunca paleontoloji toplantılar və təbaşir yaşlı süxurların təsviri maraq kəsb edir.

Üçüncü mərhələ isə 1920-1990-cı illəri əhatə edir. Azərbaycanın geoloji tədqiqatları tarixinin üçüncü mərhələsi genişmiqyaslı kəşfiyyat və kəşfiyyat işlərinin aparılması ilə əlamətdar olmuş, bu da respublikanın bütün ərazisinin müfəssəl geoloji kəşfiyyatını aparmağa, habelə bir sıra geoloji kəşfiyyat işlərinin istiqamətini müəyyən etməyə imkan vermişdir. Regional-geoloji və tektonik tədqiqatların geniş spektri Azərbaycan Respublikası ərazisinin geoloji-tektonik quruluşu haqqında müasir təsəvvürlər üçün əsas olan mühüm nəticələrin əldə edildiyi sovet tarixi dövrünə təsadüf edir.

Zod qızıl yatağı Zod-Söyüdlü filiz məkanı üzrə Kiçik Qafqazın mərkəzi hissəsində Göyçə-Həkəri zonasında yerləşmişdir. Cənubi Qafqazda ən böyük qızıl filizi obyekti olan Zod yatağı Zəngəzur dağ silsiləsinin suayrıcında, Ermənistanla Azərbaycan Respublikasının (Kəlbəcər rayonu ərazisi) sərhədi boyunca yerləşmişdir. Yataq 1951-ci ildə aşkar edilmişdir.

Qızılbulaq mis-qızıl filizi yatağı Ağdərə rayonu ərazisində Tərtərçayın orta axarının sağ sahilində yerləşmişdir. Struktur cəhətdən yataq Kiçik Qafqazın Lök-Qarabağ tektonik-maqmatik zonasının Qarabağ və Ağdam antiklinorilərinin qovuşma zonasına uyğun gəlir.

Dördüncü mərhələ 1990-cı ildən başlayır. Qarabağımızın geologiyası və faydalı qazıntıları haqda 1988-ci ilə qədər aparılan tədqiqatlar Geologiya və Geofizika İnstitutu tərəfindən hazırlanan “Геология и полезные ископаемые Нагорного Карабаха Азербайджана”, “Геология Азербайджана” (8 cild), “Azərbaycanın geologiyası” (3 cild), “Geosciences of Azerbaijan” (2 cild), “Продуктивная толща Азербайджана” (2 cild), “Azərbaycan mineralları” kimi əsərlərdə və bir çox xəritələrdə öz əksini tapmışdır.