AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2020-04-17 13:17:14 6

Neft və Qaz İnstitutu elmi-təşkilati fəaliyyətini distant formada davam etdirir

AMEA-nın Neft və Qaz İnstitutu elmi-təşkilati fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən davam etdirir.

İnstitutun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov müsahibəsində bildirib ki, elmi tematik plana uyğun olaraq şöbələr nəzəri tədqiqatları distant formada davam etdirirlər. Aparılmış eksperimental tədqiqatlar üzrə əldə olunan nəticələr emal edilir və laborator analizlərin nəticələri interpretasiya olunur: "Bütün bu işlərin nəticəsi olaraq institutun əməkdaşları elmi məqalələr yazır, monoqrafiyalar üzərində işlərini davam etdirir və konfranslara tezislər hazırlayırlar. Xüsusi karantin rejimi dövründə artıq bir neçə elmi məqalə beynəlxalq elmi bazalarda indeksləşən jurnallara təqdim edilib".

Akademik F.Qədirov qeyd edib ki, institutun rəhbərliyi şöbə müdirləri ilə mütəmadi olaraq onlayn əlaqə saxlayır, onlara tapşırıq və tövsiyələrini verir və işlərin gedişatı ilə maraqlanır. Həmçinin elmi müəssisənin əməkdaşları SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən qrantlar üzrə işlərini də davam etdirməkdədirlər.

"AMEA-nın digər müəssisələrində olduğu kimi, Neft və Qaz İnstitutunda da magistratura təhsili distant formada aparılır", - deyə bildirən alim hazırda institutda geologiya, neft və qaz mühəndisliyi istiqaməti üzrə I kursda dörd magistrantın təhsil aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, magistrantlar "Sedimentologiya", "Geokimya", "Quruda neft və qaz quyularının qazılması" və "Dəniz neft qaz və qaz kondensat yataqlarının işlənməsi" ixtisasları üzrə onlayn dərslərdə iştirak edirlər. II kurs tələbələri isə elmi rəhbərləri ilə əlaqə saxlayaraq mütəmadi şəkildə məsləhətlər alır, dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər. İnstitutun tədris prosesinə cəlb edilən professor-müəllim heyəti fənn proqramlarında nəzərdə tutulan mövzuların tədrisini elektron telekоmmunikasiya vasitələri əsasında həyata keçirir.

O, xüsusi karantin rejimində institutun beynəlxalq əlaqələrindən də söz açıb. Bildirib ki, karantin dövründən əvvəl Yaponiyanın “JOGMEC” korporasiyası ilə əməkdaşlıq çərçivəsində elmi tədqiqat və çöl ekspedisiya işlərinin aparılması haqqında razılıq əldə edilib və müqavilə bağlanması nəzərdə tutulur.

"Hazırda institutun əməkdaşları xarici həmkarları ilə mütəmadi olaraq onlayn rejimdə əlaqə saxlayırlar. Artıq müqavilə şərtlərinin müzakirəsi başa çatıb və tərəflər ümumi razılığa gəliblər. Müqavilə çərçivəsində nəzərdə tutulan nəzəri elmi tədqiqatlar davam etdirilir və çöl ekspedisiyalarının qrafiki müəyyənləşib. Qrafikə əsasən Şamaxı-Qobustan, Abşeron və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən süxurların yer səthinə çıxışlarının tədqiqi və süxur nümunələrinin toplanması planlaşdırılır", - deyə F.Qədirov vurğulayıb.