Şahdəniz - 25 il
Azərbaycan ən qədim neft istehsal edən ölkədir və neft sənayesinin bütün tarixi boyu dünyanı enerji ilə təmin etmişdir.
Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Yataq Bakıdan təqribən 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.
Şahdəniz 140 kvadrat kilometrdən artıq sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.
1997-2001-ci illər ərzində Şahdəniz strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları dünya səviyyəli qaz kondensat yatağının olduğunu təsdiq etdi.
2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri Şahdəniz Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.
Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi, yəni Şahdəniz 2, 2013-cü ildə təsdiqləndi. Şahdəniz 2 dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.
Dənizdə Şahdəniz 2 layihəsi 26 sualtı quyu, 500 km sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 km boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün üç yeni kompressiya obyektləri inşa edilmişdir.
Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, Şahdəniz 2 layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə Şahdəniz yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100000 bareldən çox kondensat təşkil edəcək.