MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2022-08-12 06:35:15 698

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən gənc alimlərin yay düşərgəsi başa çatıb.

Düşərgədə 5 günlük proqrama əsasən AMEA-nın, həmçinin müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün təlimlər, seminarlar, intellektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil edilib.

Tədbirin təşkilində əsas məqsəd dünyada və Azərbaycanda fundamental elmin, akademik tələblərin, milli ənənələrin inkişafını gücləndirmək, gənclərin multidisiplinar inteqrasiyasını təmin etmək, fərdi, institusional və intellektual inkişafına təkan vermək, elmin tədqiqat, innovasiya, müasir mühəndislik və təhsildə rolunu müəyyənləşdirməklə əylənərək öyrənmək olub.

Yay düşərgəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Demokratik Gənclər İctimai Birliyinin icraçı direktoru, Təhsil Nazirliyinin qrant layihələri üzrə təlimçisi Vəfa Vəliyeva, Təhsil Nazirliyi Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin baş mütəxəssisi Fərid Seyfullayev, Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri Müşviq Rəsulzadə, eləcə də AMEA Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədli də iştirak etmişdir.