MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-02-09 10:07:41 268

Geologiya və Geofizika İnstitutunda ümumrespublika seminarı keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş ümumrespublika elmi seminarı keçirilib.

Əvvəlcə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda Geologiya və Geofizika İnstitutunun, Neft və Qaz İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin Xəbərdar Edilməsi İşinin Təşkili İdarəsi, S.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə Türkiyədə baş vermiş təbii fəlakətdən və onun acı nəticələrindən danışaraq insan itkisindən və dağıntılardan təəssüfləndiyini bildirib. Qardaş ölkədə həyatını itirmiş insanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmaqlarını arzulayıb.

Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov “2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr” mövzusunda təqdimatı reallaşdırıb.

F.Qədirov İran, Ərəbistan, Qafqaz plitəsinin seysmoloji aktivliyini əks etdirən vizual görüntülər əsasında yeraltı təkanların xarakterini izah edib. Bildirib ki, ölçüsündən asılı olmayaraq bir plitənin hərəkəti digər plitələrin oyanmağına səbəb ola bilir və nəticədə acı zəlzələ hadisəsi baş verir. Sözügedən regionda da təbii fəlakət bu prinsipə uyğun idi. Yeraltı təkanların hərəkəti həm irəli, həm də geri dönməyə meyilli olur. Eləcə də bu proses bir neçə gün davam edə bilir.

Akademik kosmik geodeziya tədqiqatları (GPS) və Azərbaycanda aktiv tektonik zonaların proqnozlaşdırılması mövzusuna da toxunaraq diqqətə çatdırıb ki, zəlzələnin öyrənilməsilə bağlı ölkəmizdə 2000-ci ildən başlayaraq böyük şəbəkə yaradılıb. Bu təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələlik mümkün olmasa da, fəlakətin nəticələrinin minimuma endirilməsi tamamilə realdır. Tikinti-inşaat işlərində dəqiq mühəndisi hesablamalar və insanların maarifləndirilməsi sayəsində faciəvi sonluqları xeyli azaltmaq olar.

Təqdimat ətrafında çıxışlardan sonra çoxsaylı suallar cavablandırılıb.