MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-02-11 06:17:01 575

AMEA-da “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” mövzusunda konfrans keçirilib

AMEA-nın Əsas binasında 11 Fevral - Qadın və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” mövzusunda konfrans keçirilib. Tədbir AMEA Rəyasət Heyəti və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Türkiyə Respublikasının cənub-şərqində baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin ağır nəticələrindən danışıb. O, bu zəlzələnin son 100 ilin ən dəhşətli hadisələrindən biri, insanlıq üçün böyük faciə olduğunu qeyd edərək Azərbaycanın hər zaman maddi və mənəvi olaraq qardaş ölkənin yanında olduğunu və öz qardaşlıq borcunu yerinə yetirərək hər cür dəstəyi göstərdiyini vurğulayıb.

Vitse-prezident Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i tarixinin Qadın və Qızlar Elmdə Beynəlxalq Günü elan edildiyini bildirib. Qeyd edilən beynəlxalq günün builki mövzusunun “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” olduğunu deyən alim əsas məqsədin dayanıqlı inkişafa nail olunması istiqamətində qadın və qızların rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu söyləyib.

Akademik İradə Hüseynova bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirildiyini deyərək, AMEA-da və Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan əməkdaşların böyük əksəriyyətini qadınların təşkil etdiyini diqqətə çatdırıb.

Konfransda Neft və Qaz İnstitutunun Qadınlar şurasının sədr müavini Kamilə Ağayeva və üzvü Nübar Səfərli iştirak edib.