AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-17 10:54:28 345

AMEA-da beynəlxalq əlaqələr üzrə fəaliyyətə həsr edilmiş iclas keçirilib

AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun sədrliyi ilə beynəlxalq əlaqələr üzrə fəaliyyətə həsr edilmiş iclas keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik-katibi akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin əməkdaşları, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.

İclası giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin koordinasiyalı fəaliyyətinə xüsusi diqqət ayrıldığını, ayrı-ayrı istiqamətlər üzrə müzakirələr məqsədilə belə tədbirlərin silsilə keçiriləcəyini diqqətə çatdırıb. O, elmin müasir istiqamətlərinin inkişafında beynəlxalq əlaqələrin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə ətraflı məlumat üçün sözü AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru dosent Esmira Əlirzayevaya verib.

Sonra E.Əlirzayeva beynəlxalq əlaqələr üzrə perspektivlər, mövcud vəziyyət, problemlər və onların həlli yollarına dair təqdimatla çıxış edib. O, Avropa Komissiyasının “Horizon 2020” proqramı və digər beynəlxalq layihələrdə Azərbaycan alimlərinin iştirak vəziyyəti və mövcud problemlər haqqında ətraflı məlumat verib. Alim tədqiqat və innovasiya ekosisteminin inkişafında beynəlxalq layihələrin əhəmiyyətinə toxunub və bu istiqamətdə dünyanın qabaqcıl elm və təhsil müəssisələrinin təcrübəsini diqqətə çatdırıb. Məruzəçi alimlərin beynəlxalq elmi şəbəkələrə və proqramlara qoşulması imkanlarının genişləndirilməsi məqsədilə AMEA tərəfindən Türkiyə, İtaliya, Bolqarıstan, Belarus kimi ölkələrin aparıcı elmi qurumları ilə birlikdə həyata keçirdiyi ikitərəfli layihə müsabiqələri və AMEA-nın elmi müəssisələrinin bu müsabiqələrdə iştirakı üzrə statistik məlumatları da təqdim edib. E.Əlirzayeva, həmçinin yeni “Horizon Europe” proqramı, onun geniş spektrli elmi istiqamətləri və maliyyə mexanizmləri haqqında ətraflı məlumat verib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın elmi müəssisələrinin beynəlxalq elmi reytinq cədvəlində yüksək pillələrdə yer ala bilməsi üçün beynəlxalq proqramların imkanlarından istifadənin vacibliyini vurğulayıb və bu məqsədlə AMEA-nın institutlarında xüsusi yanaşmaların işlənib hazırlanması istiqamətində tövsiyələrini verib.

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov isə Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən söz açıb və belə əməkdaşlıqlar çərçivəsində əldə edilən nəticələrin tətbiqi üzrə strategiyaların hazırlanması məsələsinə diqqət ayırıb.

İclasda AMEA Neft və Qaz İnstitutunun Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Könül Abbasova iştirak etmişdir.

Sonda iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılıb

http://science.gov.az/az/news/open/17539