AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-17 08:58:17 869

AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 70 yaşı tamam olur

Bu gün neft-qaz sahəsində görkəmli elm xadimi, BP şirkətinin London ofisində strategiya və inteqrasiya üzrə baş vitse-prezident, Amerika Geoloq-Neftçilər Cəmiyyətinin üzvü, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 70 yaşı tamam olur.

Rəşid Cəmil oğlu Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Mühəndis-geofizik” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1978-ci ildə kəşfiyyat geofizika üsulları sahəsində fəlsəfə doktoru, 1988-ci ildə isə neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Rəşid Cavanşir 1974-1995-ci illərdə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda baş mühəndislikdən institutun elmi işlər üzrə direktor müavinliyinə qədər yol keçib. 1995-ci ildən dünyanın ən iri neft şirkətlərindən biri olan BP-də çalışır. İlk illər şirkətin axtarış-kəşfiyyat işləri üzrə koordinatoru vəzifəsindən başlayaraq şirkətin Hyuston (ABŞ), London, Aberdin və Bakı ofislərində müxtəlif rəhbər vəzifələrdə işləyib, 2009-2011-ci illərdə BP Azərbaycan şirkətinin prezidenti, 2011-2012-ci illərdə isə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti kimi çalışıb. Bu vəzifələrdə o, BP Azərbaycan şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşıdır. Hazırda BP-nin London ofisində strategiya və inteqrasiya üzrə baş vitse-prezidentdir.

R.Cavanşirin neft-qaz geologiyası və geofizikası sahəsində əldə etdiyi elmi nailiyyətlərə seysmik kəşfiyyat, quyuların geofiziki tədqiqatları və qazmanın texnoloji göstəricilərinə əsasən, geoflüdial təzyiqlərin proqnozlaşdırılmasının və öyrənilməsinin nəzəri əsas və üsullarını inkişaf etdirməsi, çöküntülərin nəzəri sıxılma modelləri, süxurların kollektor, ekranlaşdırıcı və fiziki xassələri ilə bağlı təklif etdiyi riyazi modelləşdirmə üsulları, elizion sistemlərdə flüidlərin regional miqrasiyasını qiymətləndirməsi, yerin dərin qatlarının gil mineralları və termobarik parametrlərin transformasiyasının qarşılıqlı təsir mexanizmini əsaslandırması və geoloji-geofiziki məlumat və hidrodinamik tədqiqatlara əsasən karbohidrogen yataqlarının işlənilmə prosesində daxili su basqılı rejimin təzahürlərini qiymətləndirməsi daxildir. Azərbaycanın neft-qaz yataqlarında onun elmi tədqiqatlarından geniş şəkildə istifadə edilib.

R.Cavanşir 210-dan çox, o cümlədən xaricdə nəşr edilmiş 130-dan çox elmi işin, 12 kəşf, 8 monoqrafiya, 2 lisenziya və 5 metodik dərsliyin müəllifidir. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə mütəmadi istinad olunur. Alimin rəhbərliyi altında 2 elmlər, 6 fəlsəfə doktoru hazırlanıb.

R.Cavanşir 1984-cü ildən indiyədək Amerika Geoloq-Neftçilər Cəmiyyətinin üzvüdür. 1989-1995-ci illərdə “Energy Sources” (ABŞ) beynəlxalq elmi jurnalın regional redaktoru, 1989-1996 və 2001-2004-cü illərdə “Journal of Petroleum Science and Engineering” (Hol­landiya) beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü olub.

R.Cavanşir 1985-ci ildə akademik İ.M.Qubkin adına mükafata, 2011-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb.

Tanınmış alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

http://science.gov.az/az/news/open/17540