AKADEMİK FƏXRƏDDİN ƏBÜLFƏT OĞLU QƏDİROV – 71 YAŞ
Geofizika elminin görkəmli siması, layiqli insan, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Fəxrəddin Əbülfət oğlu Qədirovun 71 yaşı tamam olur.
F.Qədirov 1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 10 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.
F.Qədirov 1984-cü ildə geofizika üzrə fəlsəfə doktoru və 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə isə geofizika ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
F.Qədirov əmək fəaliyyətinə fizika müəllimi kimi başlamışdır. O, 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Qravimetriya" laboratoriyasına işə qəbul edilmiş, 1989-2003–cü illər ərzində “Qravimetriya” laboratoriyasına, 2005-2007-ci illərdə “Geotektonika və Geodinamika”,2008-ci ildən “Geodinamika və Seysmologiya” şöbəsinə rəhbərlik etmişdir. F.Qədirov 2008-ci ildən “Yer Fizikası” seksiyasının, 2015-ci ildən isə “Geodinamika və kosmik geodeziya” şöbəsinin rəhbəridir. F.Qədirov, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir. F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk universiteti “Zəlzlələ Araşdırma Mərkəzində”, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki Universitetinin “Geofizika Mühəndisliyi” bölümündə professor vəzifəsində çalışmışdır.
F.Qədirov 2013-2019-cu illər arasında AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibi olmuşdur. Hazırda AMEA Yer Elmləri Bölməsi Elmi Şurasının sədr müavinidir. F.Qədirov AMEA RH qərarı ilə 2020-ci ildən Neft və Qaz institutuna direktor təyin edilmışdir.
2000 və 2001-ci illərdə Massaçusets Texnologiyalar İnstitutunda elmi ezamiyyətdə olmuş və GPS texnologiyasını mənimsəyərək, ilk dəfə bu texnologiyanı plitə tektonikası konsepsiyası çərçivəsində Qafqaz-Xəzər regionunun geodinamik və kinematik şəraitini, neftli-qazlı sahələrin və enerji dəhlizləriningeodinamik təhlükəsizliyinin öyrənilməsində tətbiq etmişdir.
F.Qədirovun elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktal və statistik metodlarla tədqiqi təşkil edir. O, Qafqaz plitəsinin mövcudluğunu və saat əqrəbinin əksi istiqamətində dönməsini və Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif etmişdir. Qravimetrik müşahidələrin təhlili əsasında güclü zəlzələdən əvvəl qravitasiya sahəsinin qabaran variasiyalarında fluktuasiyaların meydana gəlməsini göstərmişdir. O, həmkarları birlikdə Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və flüidlər miqrasiyasının konveksiya və palçıq vulkanlarının aktivləşmə modelini işləmişdir.
F.Qədirov 250-dən artıq elmi məqalənin, o cümlədən rus dilində nəşr olunan “Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, “Геология Азербайджана” IV, V və VII cildlərinin, ingilis dilində “Hydrocarbon systems of the South Caspian Basin”, Springer nəşriyyatında nəşr olunan iki cildlik “Geosciences of Azerbaijan“və s. kitabların, Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə çox sayda istinad olunur. Onun rəhbərliyi altında geofizika üzrə 14 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. O, BDU-nun geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutundakı filialının rəhbəridir. 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı və 2015-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
F.Qədirov Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG), Amerika Geofizika İttifaqının (AGU), Avropa Yer Elmləri İttifaqının (EGU) və Azərbaycan Geofizika Cəmiyyətinin üzvüdür. O, eyni zamanda AMEA-nın “ANAS Transactions, Earth Sciences” jurnalının redaktor müavini, “Azərbaycanda Geofizika Yenilikləri” jurnalının, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, TC Pamukkale Üniversitesi “Mühendislik Bilimleri Dergisi” məcmuələrinin redaksiya heyətinin üzvü və Avropa “Geophysical Prospecting” və “Geodynamics” və s. elmi jurnallarının rəyçi ekspertidir. 2009-cu ildən Beynəlxalq Geodeziya və Geofizika İttifaqı (İUGG) nəzdindəki Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) Beynəlxalq Geodeziya Assosiasiyasının, Elmlər Akademiyalarının Beynəlxalq İttifaqının (MAAN) Azərbaycan üzrə “Geodeziya və Geofizika” Elmi şurasının rəhbəridir. F.Qədirov bir çox beynəlxalq konsorsiumlarda layihə rəhbəri olmuşdur.
F.Qədirov dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında EİF-nin, SOCAR-ın Elm Fondunun, ABŞ Milli Elm Fondunun NSF, CRDF, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür.
71 yaşını qeyd edən, yüksək insani dəyərlərə və tükənməz elmi ideya generasiya potensialına malik olan vətənsevər alim akademik Fəxrəddin Qədirov bu gün də elmi axtarışlarına davam edir və fundamental elmi məsələlərin həllini düşünür. Ad günü münasibəti ilə onu səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı və gələcək elmi, pedaqoji və ictimai fəaliyyətində uğurlar arzu edirik.