
Allah rəhmət eləsin!
AMEA Neft və Qaz İnstitutunun kollektivi geologiya-mineralogiya elmləri doktoru, professor Tofiq Yusif oğlu Baharovun vəfatından kədərlənir və mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin!
Baharov Tofiq Yusif oğlu 22 mart 1935-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunda anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək dağ mühəndisi geoloji ixtisası almışdır.
1957-1968-ci illərdə “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft-qaz çıxarma idarəsində, 1968-2002-ci illərdə AMEA-nın Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda, 2002-2012-ci illərdə indiki SOCAR “Neft qaz elmi tədqiqat layihə” İnstitutunda, 2012-2016-cı illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda geoloq, baş geoloq, aparıcı elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə müdiri kimi müxtəlif vəzifələrdə işləmiş, 2016-cı ildən etibarən AMEA-nın Neft və Qaz İnstitutunda “Neft-qaz sahələrinin iqtisadiyyatı və proqnozlaşdırılması” şöbəsində (indiki “Karbohidrogen yataqlarının işləniməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsi) baş elmi işçi vəzifəsində çalışmışdır.
25 il ərzində indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dosent və professor pedaqoji fəaliyyəti göstərmişdir.
1966-cı ildə geologiya-mineralogiya elmləri namizədi, 1989-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır. 1973-cü ildə böyük elmi işçi, 2013-cü ildə neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı üzrə professor elmi adını almışdır.
O, 112 elmi əsərin, o cümlədən 4 monoqrafiya və 3 kitabın müəllifidir. 33 elmi-təcrübi hesabat və layihələrin əsas icraçısı və rəhbəri olmuş, 1 elmlər doktoru, 3 fəlsəfə doktoruna elmi rəhbərlik etmişdir. Keçmiş SSRİ-nın Faydalı Qazıntı Ehtiyatları üzrə Dövlət Komissiyasının üzvü və eksperti, ARDNŞ-də Neft-Qaz Ehtiyatlarının Təsdiqi üzrə Dövlət Komissiyanın üzvü və eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert komissiyasının, eləcə də bir sıra elmi və dissertasiya şuralarının üzvü olmuşdur.
Fəaliyyəti ərzində əməkdə fərqlənmə medalı və AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Elmi-etik davranışında yüksək əxlaqi keyfiyyətləri, insanlara səmimi və qayğıkeş münasibətilə fərqlənmiş və səmərəli elmi fəaliyyəti sayəsində əldə etdiyi elmi-təcrübi nəticələrə görə həm köhnə SSRİ məkanında, həm də ölkəmizdə neftçi alim-mütəxəssislər arasında böyük şöhrət və rəğbət qazanmışdır. Həyat və elmi yaradıcılıq yolu hər bir insan və tədqiqatçı üçün bir örnək olmuşdur. Onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin!