AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-11-12 16:27:34 881

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda icraçı direktor, elmi katib, Elmi Şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilatı məsələlər müzakirə olunub.

Akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilatı məsələlər barədə məlumat verib. O, AMEA Rəyasət Heyətinin qərarlarının icrası və AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının yeni tərkibi haqqında fikirlərini söylədi.

Elmi katib, y.e.f.d Şəlalə Hüseynova institutun elmi, elmi-təşkilatı şöbələrinin və ictimai təşkilatlarının 2021-ci ildə fəaliyyətləri haqqında hesabatların qrafikləri barədə məlumatı elan etdi.

İclasda doktorant Samirə Məhərrəmova “Qazkondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi” mövzusu üzrə çıxış etdi. AMEA Neft və Qaz İnstitutunun Elmi Şurası böyük elmi işçi Samirə Məhərrəmovanın “Qazkondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi” mövzusunda məruzəsini müzakirə edərək qeyd edir ki, məruzəçi tərəfindən qazkondensat layının horizontal quyu ilə işlənilməsi prosesi modelləşdirilmiş və işlənilmənin effektivliyini təmin edən optimal konstruksiyanın seçilməsində zəruri olan geoloji, texniki və texnoloji amillərin quyunun hasilatına təsiri qiymətləndirilmişdir. Tədqiqat çərçivəsində müəyyən edilmişdir ki, horizontal lülənin layın hündürlüyü üzrə mərkəzi hissədə yerləşməsi onun həm qaz və həm də kondensata görə məhsuldarlığını, digər yerləşmə halları ilə müqayisədə, daha yüksək edir. Layın sahə üzrə keçiriciliyi ilə müqayisədə hündürlük üzrə keçiriciliyinin aşağı olması halında ona horizontal quyunun qazılması səmərəli hesab edilmir. Horizontal lülənin diametrinin onun lüləsinin optimal uzunluğuna təsiri qiymətləndirilmişdir. Layın anizotropiya əmsalının texnoloji göstəricilərə təsiri qiymətləndirilmiş və horizontal quyunun maksimal debiti izotrop laylarda alınmışdır.

Məruzəni dinlədikdən sonra AMEA Neft və Qaz İnstitutunun Elmi şurası
böyük elmi işçi Məhərrəmova Samirə Dadaş qızının "Qazkondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi" mövzusunda aktuallığı qeyd edilməklə qoyulmuş məsələnin həllində bəzi anlaşılmazlıq olduğu qeyd edildi. Müzakirə zamanı çıxış edən AMEA-nın müxbir üzvi, prof. Qərib Calalov və t.ü.f.d. Bünyad Kazımov məruzədə qarşıya qoyulan məsələlərin həlli üçün doktorant və onun rəhbəri ilə birlikdə sual doğuran məsələlərə aydınlıq gətirməsi tövsiyə olundu.

Daha sonra institutun icraçı direktoru, g-m.e.d Vaqif Qurbanov, g-m.e.d Namaz Yusubov və Fəxrəddin Kərimov məruzəyə öz münasibətlərini bildirərək təkliflərini irəli sürdülər. Sonda mövzunun yenidən işlənərək növbəti elmi şuraların birində təqdim olunması tövsiyə olundu.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.