17 Noyabr - Milli Dirçəliş Günü
17 noyabr dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi qeyd edilir.
1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Dağlıq Qarabağda azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi.
Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı.
Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi.
Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.