Minsk şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmi şuralarının I qurultayı keçirilib
24-26 noyabr 2021-ci il tarixlərində Minsk şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (MAAN) Elmi şuralarının I qurultayı keçirilib.
Qurultayın işində AMEA-nın Neft və Qaz İnstitutunun baş direktoru, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Geodeziya və Geofizika üzrə Elmi Şurasının sədri, akademik Fəxrəddin Qədirov və İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev də iştirak ediblər.
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (MAAN) Elmi şuralarının rəhbəri, Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakov görülmüş işlər haqqında qurultay iştirakçılarına məlumat verib.
Sonra Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Geodeziya və Geofizika üzrə Elmi Şurasının sədri, akademik Fəxrəddin Qədirov şurada təmsil olunan ölkələr arasında yaradılmış elmi əlaqələr haqqında məruzə ilə çıxış edib. Məruzədə şurada təmsil olunan ölkələr arasındakı və dünyanın aparıcı elmi mərkəzləri ilə olan əlaqələr təhlil edilib, bu əlaqələrin gücləndirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürülüb.
Qurultayın sonunda yekun qətnamə qəbul edilib.
Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Boris Patonun (1918-2020) təşəbbüsü ilə 1993-cü ildə müxtəlif ölkələrin akademiyaları arasında qarşılıqlı əlaqələrin təşkili məqsədilə Kiyevdə yaradılıb. Beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış MAAN ən mühüm elmi problemlərin çoxtərəfli əsasda həllində, elm adamları arasında tarixən yaranmış yaradıcılıq əlaqələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində elmlər akademiyalarının səylərini birləşdirməyi əsas məqsədi kimi müəyyən edib. 2017-ci ildən Belarus Milli Elmlər Akademiyası MAAN-a rəhbərlik edir.