AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-07 14:22:57 272

Akademik Ələşrəf Məmmədovun 90 illik yubileyi qeyd olunub

AMEA-nın Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutu və Coğrafiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.

Tədbir akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr olunub.

Yığıncaqda əvvəlcə Geologiya və Geofizika İnstitutunda Ələşrəf Məmmədovun elmi əsərlərindən və onun haqqında yazılmış məqalələr toplularından ibarət sərgiyə, həmçinin alimin həyat və elmi yaradıcılıq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət stendə baxış keçirilib. Həmçinin alimin yeni çap edilmiş “Seçilmiş əsərləri” («Избранные труды») kitabı təqdim edilib.

İclası giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə Ə.Məmmədovun elmi irsi, Azərbaycan, həmçinin dünya elmində tutduğu mövqedən, alimin şəxsi məziyyətlərindən danışıb. Qeyd edilib ki, geologiya elminin bütün istiqamətlərini dərindən bilən alim AMEA-nın Coğrafiya İnstitutunda paleocoğrafiya şöbəsi yaradıb. Xəzərin 4-cü inkişaf dövrünü fundamental şəkildə tədqiq edərək Azərbaycan elminə sanballı töhfə verib. İstedadlı alim özünün elmi nəticələri əsasında yaratdığı xəritə və atlaslarla böyük şöhrət qazanıb. Çoxsahəli elmi istiqamətlərə meyilli Ələşrəf Məmmədov SSRİ Elmlər Akademiyasının bir çox elmi komissiyalarının üzvü olub.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov yubilyarın elmi nailiyyətlərindən bəhs edərək bildirib ki, Ə.Məmmədov 10 monoqrafiya, 300 elmi məqalə, 10-dan çox xəritə və atlas müəllifi idi. Dövrümüzün coğrafiya üzrə tədqiqatçı alimləri onun elmi irsini dönə-dönə oxuyub öyrənməlidirlər.

Coğrafiya elmləri doktoru Yelena Tağıyeva Ə.Məmmədovun geologiya və coğrafiya elmlərinin inkişafında rolundan konkret faktlarla danışıb. Onu haqlı olaraq Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı sayırlar. O, Azərbaycanın bir sıra geoloji, tektonik, neotektonik, dördüncü dövr çöküntüləri xəritələrinin, SSRİ-nin cənubunun tektonik, neotektonik xəritələrinin, SSRİ-nin litoloji-paleocoğrafi, "Gec pleystosen və holosendə SSRİ-nin paleocoğrafiyası", "Mezozoyda və kaynozoyda Avroasiyanın şelfləri" atlaslarının həmmüəlliflərindəndir. 1988-ci ildə "Azərbaycanın dördürcü dövr çöküntüləri xəritəsi" və "Dördüncü dövr çöküntüləri" monoqrafiyasına görə Azərbaycanın Dövlət mükafatı laureatına layiq görülüb.1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzv seçilib. 20 elmlər doktoru və namizədi hazırlayıb.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun alimlərindən g.-m.e.d., professor Musa Məmmədov, g.-m.e.n. Şahvələd Köçərli, Coğrafiya İnstitutundan c.e.d., professor Əmir Əliyev, Bakı Dövlət Universitetindən c.e.d., professor Yaqub Qəribov yubilyar haqqında xatirələrini bölüşüblər.

Elmi şuranın iclasında iştirak edən riyaziyyat üzrə fəlsəfə doktoru Allahverdi Məmmədov atası akademik Ə.Məmmədovun xatirəsini uca tutaraq onun yubiley mərasimini təşkil edənlərə minnətdarlığını ifadə edib.

Elmi şuranın iclasında sonra Geologiya və Geofizika İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin tematik planının təsdiqi haqqında AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında doktorant Fatma Süleymanovanın, institutun “ANAS Transactions” jurnalının redaksiya-nəşriyyat fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun, bu elm ocağının analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi barədə Nazim Sadıqovun, “Geologiya və Geofizika İnstitutu kütləvi informasiya vasitələrində” mövzusunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərlinin məruzələri dinlənilib.

https://science.gov.az/az/news/open/19069