AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-23 18:50:41 88

AMEA Neft və Qaz İnstitutunun 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib

23 dekabr 2021-ci il tarixində AMEA Yer elmləri bölməsinin və Neft və Qaz İnstitutunun Elmi şuralarının birgə iclasında AMEA Neft və Qaz İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabat dinlənilmişdir. İclası giriş sözü ilə açan AMEA Yer Elmləri Bölməsinin Elmi Şurasının sədri, vitse-prezident, akademik İbrahim Quliyev iclas iştirakçılarını salamlayaraq, məruzə ilə çıxış etmək üçün sözü institutun icraçı direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanova verdi. Belə ki, Vaqif Qurbanov cari ildə Neft və Qaz İnstitutunda 3 problemin həlli üçün 7 mövzu üzrə 7 elmi tədqiqat işinin aparılmasını və ilin sonunda 2 ETİ-nin başa çatdığını qeyd etdi. O, başa çatmış ETİ-lərin nəticələri haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, yerinə yetirilən elmi tədqiqat işləri çərçivəsində 4 mühüm elmi nəticə alınmış və nüfuzlu elmi jurnallarda dərc edilmişdir. Vaqif Qurbanov AMEA RH tərəfindən maliyyələşən 2 elmi tədqiqat proqramının yerinə yetirilməsi haqqında da məlumat verdi və alınmış nəticələr barədə danışdı. İnstitutun beynəlxalq əlaqələri haqqına məlumat verərkən, Vaqif Qurbanov 3 yeni əməkdaşlıq sənədinin imzalanmasını qeyd etdi və xarici elmi müəssisələrlə institutun əlaqələrinin daha da genişləndirilməsini vurğuladı. O, institutda SOCAR, AR Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Rusiyanın Fundamental Tədqiqstlar Fondu, İtaliyanın CNR mərkəzi tərəfinsən dəstək almış bir sıra qrant layihələrinin icra vəziyyətindən danışdı və 2 layihənin beynəlxalq statusa malik olduğunu qeyd etdi. O, SOCAR-ın Elm Fondu tərəfindən dəstəklənən 4 layihənin, AR Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə 1 layihənin cari ildə başa çatması və onların nəticələrini təqdim etdi və daha 9 yeni layihənin müsabiqəyə təqdim edildiyini dedi. Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 70 elmi əsərin, o cümlədən 1 monoqrafiya, 38 məqalə, 31 konfrans məruzələrinin tezislərinin dərc edildiyini söylədi. Həmin əsərlərdən 23 elmi məqalə və 16 tezis xaricdə, 16 məqalə Web of Science və SCOPUS bazalarında indeksləşən jurnallarda dərc edilmişdir. İnstitut əməkdaşlarının elmi əsərlərinə 440 istinad olmuşdur. Daha sonra isə cari ildə institutun strukturu, sosial sferada fəalıyyətı, maddi-texniki təchizatı, elmi kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi və elmin kütləvi təbliği, Gənc alim və mütəxəssislər Şurasının fəaliyyəti, koronavirus COVİD-19 pandemiyası ilə əlaqədar görülən tədbirlər, təltif və mükafatlar, yubileylər və s. haqqında ətraflı məlumat verdi.
Yekun olaraq iclasda hesabat ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı və təkliflər dinlənildi. İclas iştirakçıları institutun kollektivinin 2021-ci il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqsədəuyğun hesab etdilər.