AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-01-14 08:21:34 785

Xoşbəxt Yusifzadə - 92 il

Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı "Dövlətxüsusineftlayihə" kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft" Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında "Gürganneft" trestinin (indiki "Neft Daşları" NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X.B. Yusifzadə 1958–1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959–1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.

1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş "Gurganneft") rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək "Başdənizneft" İdarəsində baş geoloqun müavini — şöbə rəisi, "Dənizneft" İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi — baş geoloqun müavini olmuşdur.

1970–1992-cı illərdə "Xəzərdənizneft" Birliyinin, "Xəzərdənizneft" İstehsalat Birliyinin, Ümumittifaq "Xəzərdənizneftqazsənaye" Birliyinin, "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləmişdir.

1992–1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.