Neft və Qaz İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Neft və Qaz İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar baş verən faciədən danışdı. Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın idi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi xatırlanacaqdır.
Sonra institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev, şöbə müdirləri Namaz Yusubov və Fəxrəddin Kərimov çıxış edərək 20 Yanvar günü baş verən hadisələr haqqında xatirələrindən danışdılar.
Tədbirində sonunda Gənc Alim və Mütəxəssislər Şurası sədri Pünhan Səmədlinin hazırladığı slayd təqdim olundu.