AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-04-27 12:55:53 93

Yer Elmləri Bölməsinin 2021-ci ildəki fəaliyyətinə dair hesabat dinlənilib

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Yer Elmləri Bölməsinin (YEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən bölmənin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov bildirib ki, ötən il Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” və “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələrək tədqiqatlar aparılıb və bir sıra mühüm nəticələr alınıb.

Məruzəçi qeyd edib ki, 2021-ci ildə bölmədə 14 problemi əhatə edən 48 mövzu, 53 elmi-tədqiqat işi, 21 mərhələ üzrə yerinə yetirilib, 8 mövzu, 14 iş və 21 mərhələ isə başa çatdırılıb. Akademik Fəxrəddin Qədirovun sözlərinə görə, Yer Elmləri Bölməsinin elmi müəssisələrində 12 mühüm nəticə, bölməyə daxil olmayan elmi tədqiqat, təhsil və sahə müəssisələrində isə 1 mühüm nəticə alınıb. Təqdirəlayiq haldır ki, bu tədqiqatlar nəticəsində AMEA geofizika sahəsində 24 Şərqi Avropa ölkəsi arasında 5 pillə irəliləyərək 7-ci yerə yüksəlib.

Elmi göstəricilər haqqında bəhs edən akademik vurğulayıb ki, hesabat ilində bölmə üzrə 9 kitab, 10 monoqrafiya və 23 dərs vəsaiti, həmçinin 217 məqalə (75-i xaricdə), 100 tezis (32-si xaricdə) çap edilib. Bölmə üzrə nəşr edilən 75 məqalədən 46-sı “Web of Science” bazasına daxil edilən impakt faktorlu jurnallarda işıq üzü görüb.

Yerli və beynəlxalq qrantlara əsasən həyata keçirilən tədbirlərdən danışan akademik Fəxrəddin Qədirov Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, ARDNŞ-nin Elm Fondu, İtaliyanın Milli Tədqiqatlar Şurası, Rusiya Fundamental Tədqiqatlar Fondu, Ukrayna Elm və Texnologiya Mərkəzi və digər qurumların maliyyə dəstəyilə görülən işlərdən ətraflı bəhs edib.

Sonra akademik Fəxrəddin Qədirov YEB üzrə aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə toxunub. Bildirib ki, bölməyə daxil olan müəssisələrdə ölkənin müdafiə qüdrətinin artırılması, neft və qazın geologiyası və geokimyasının fundamental problemləri, neft-qaz yataqlarının işlənilməsi, palçıq vulkanizmi, Yerin geofiziki sahələri və təbiəti, müasir geodinamika və seysmologiya, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının yeni innovativ üsullarla təhlili, alternativ enerji mənbələri, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi, iqlim dəyişmələri və Qarabağ ərazisində geodinamik və seysmik şəbəkənin təşkili və ümümdünya sistemlərinə daxil edilməsi, Qarabağ ərazisinin toponimi: oykonim, оrоnim və hidronimlərin öyrənilməsi, su balansı və su ehtiyatlarının tədqiqi, demoqrafiya və digər mühüm istiqamətlər üzrə kompleks tədqiqatlar aparılır. Sosial istiqamətdə də mühüm işlərin aparıldığını, 44 günlük Vətən müharibəsi iştirakçısı qazilər və iştirakçılar ilə görüşlərin keçirildiyini, yardım göstərildiyini və onların işlə təmin edilməsi istiqamətində addımların atıldığını qeyd edib.

Daha sonra natiq elektron elmin vəziyyəti, elmin maddi-texniki bazasının yeniləndirilməsi və informasiya təminatı sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat ekspedisiyaları, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və laboratoriyalar, konfranslar, seminar və yubileylər, təltiflər və kadr hazırlığı haqqında ətraflı bəhs edib. Akademik dünya elminə inteqrasiya üçün müasir tədqiqatların aparılmasına imkan verən geofiziki cihazlarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından və kosmik məlumatlardan geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.