AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-05 15:03:55 76

Neft və Qaz İnstitutunda "Palçıq vulkanizmi və karbohidrogen sistemləri" mövzusunda beynəlxalq yay məktəbi keçirilir

29 avqust-2 sentyabr 2022-ci il Neft və Qaz İnstitutunda “Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beş günlük Azərbaycan Beynəlxalq yay məktəbi keçirildi. Seminar HOTMUD layihəsinin maliyyə dəstəyi ilə AMEA Neft və Qaz İnstitutu, Oslo Universitetində Yerin Təkamülü və Dinamikası Mərkəzi və Lomonosov adına Moskva Dövlət Universiteti arasında bağlanmış üçtərəfli əməkdaşlıq sazişi çərçivəsində keçirilir.

Yay məktəbi tədqiqat-maarifləndirici xarakter daşıyır və əsas məqsədi yeni nəsil alimlərin yetişdirilməsidir. Burada 5 ölkədən və 43 iştirakçı: Norveç, Rusiya, İtaliya, Çexiya, Polşadan olan alimlər, təcrübəli mütəxəssislər, doktorantlar və magistrantlar iştirak edirlər.

Azərbaycan tərəfindən Neft və Qaz İnstitutu, SOCAR, Bakı Ali Neft Məktəbi, UFAZ və Respublika Seysmoloji Xidmət Mərkəzi təmsil edib.

Məktəb-seminarın proqramına bir günlük elmi sessiya və palçıq vulkanlarına, yer səthindəki təbii qaz və süxur çıxışlarına dörd günlük çöl ekspedisiyaları daxildir. Məktəb-seminarın açılışı AMEA Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Ibrahim Quliyev, Neft və Qaz İnstitutunun icraçı direktoru g.-m.e.d., prof., Vaqif Qurbanov və bir sıra alimlər iştirak edib. Tədbirin birinci günündə elmi sessiya keçirilib. Elmi sessiyada Yer kürəsinin müxtəlif regionlarında, o cümlədən Azərbaycanda palçıq vulkanları, onların karbohidrogen yataqları ilə əlaqəsi və Yer kürəsinin geodinamikası, xüsusən seysmiklik, litosfer plitələrinin tektonikası haqqında bir sıra məruzələr dinlənilib.

Məruzələr dinləyicilərin böyük marağına və qızğın müzakirələrə səbəb olub. Oslo Universitetindən Adriano Mazzini palçıq vulkanizmi haqqında ümumi məlumat verdi. Respublika Seysmoloji Xidmət Mərkəzindən Səbinə Kazımova “Azərbaycanın rəqəmsal seysmik stansiyalarının məlumatlarına əsasən palçıq vulkanının püskürmə parametrlərinin müəyyən edilməsi” mövzusunda təqdimatla çıxış edib. Moskva Dövlət Universitetindən Qriqori Axmanov Avropa qitəsinin kənar zonası palçıq vulkanizmindən, palçıq vulkanı brekçiyasından və stratiqrafik rekonstruksiyadan danışıb. SOCAR-dan Elçin Bağırov Karbohidrogen sistemləri və palçıq vulkanizmi haqqında çıxış edib. Neft və Qaz İnstitutundan Namaz Yusubov Palçıq vulkanları və karbohidrogen sistemlərindən bəhs edən təqdimatla çıxış edib. Tromso Universitetindən Quiliana Panieri Karbohidrogen miqrasiyasının ekstremal mühitlərinin tədqiqi: indiki və keçmiş haqqında məlumat təqdim etdi. Geneva Universitetindən Matteo Lupi Yer qabığının yuxarı hissəsində maye miqrasiyasının izlənməsi: geofiziki üsullar və gələcək problemlər haqqında danışıb. Çexiya Elmlər Akademiyasını təmsil edən Petr Broz palçıq vulkanik axınının eksperimental modelləşdirilməsi haqqında təqdimatla çıxış edib. Elmi sessiyanın sonunda Adriano Mazzini qarşıdan gələn ekspedisiyanın proqramı ilə bağlı iştirakçılara məlumat verib.

Məktəb-seminar çərçivəsində dörd günlük çöl ekspedisiyası təşkil olunmuşdur.

Ekspedisiyanın ilk günü Cənubi Xəzər hövzəsinin karbohidrogen sisteminin elementlərini, eləcə də təbii qazın yer səthinə sızmalarının müşahidəsini əhatə edir. Neftli-qazlı süxurların yer səthinə təbii çıxışlarına baxış keçirilmişdir. Pirəkəşkül kəndi ərazisində Oliqosen-Miosen dövrünə aid Maykop kəsilişləri, Qırməki vadisində məhsuldar qat süxurları və Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedilmişdir. Digər üç gün ərzində Bahar, Daşgil və Lökbatan palçıq vulkanlarına ekspedisiyalar təşkil edilmişdir. Ekspedisiya zamanı analiz üçün palçıq vulkanlarının püskürmə materiallarından nümunələr götürülmüşdür.

Tədbirin son günündə iştirakçılar məktəb-seminarın yekunlarının müzakirəsi ilə əlaqədar toplantı keçirdilər.