AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-07 12:32:08 734

“Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara verilib və Prezident İlham Əliyev mərasimdə iştirak edib

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verərək dedi: Xoş gəlmisiniz, cənab Prezident, yeni inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” gəmisi istismara hazırdır.

Prezident İlham Əliyev: Salam. Xoş gördük. Təxminən üç il bundan əvvəl mən bu qərarı qəbul etdim və artıq gəmi hazırdır.

Akademik Xoşbəxt Yusifzadə: Bəli, hazırdır.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

Diqqətə çatdırılıb ki, hazırda ASCO-nun istifadəsində 21 tanker var. Gəmilərin yaş həddini nəzərə alaraq, tanker donanmasının yaxın gələcəkdə yenilənməsi planlaşdırılır.

Qeyd edək ki, “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. ASCO-nun Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 25 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

Ümumilikdə ASCO Bakı gəmiqayırma zavoduna indiyədək 10 gəminin tikintisi ilə bağlı sifariş verib. Onların artıq 9-nun, o cümlədən bir yedək, üç sərnişin, iki Ro-Pax tipli gəmi-bərənin və üç tankerin inşası başa çatdırılaraq istismara verilib. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 6 quru yük gəmisi və 3 tanker olmaqla, 9 gəmi istismar edilir. Bu gəmilərin heyət üzvləri tamamilə yerli mütəxəssislərdən ibarətdir.