AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-01-10 16:05:25 153

Yer Elmləri Bölməsinin hesabat iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov təqdim edib.

O bildirib ki, akademiyanın digər elmi müəssisələri kimi, YEB-nin elmi tədqiqat institutları üçün də 2022-ci il yeni keyfiyyət mərhələsinə keçid xarakteri daşıyıb. “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn vəzifələr bölmənin fəliyyətinə yeni yanaşmalar tələb edib və qarşıdakı dövrdə də bölmənin elmi müəssisələrinin fəaliyyətinin əsasını təşkil edəcəklər.

Bölmənin institutlarının fəaliyyətində Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramının”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramının”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planının, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri və Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planlarının, AMEA Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrası diqqət mərkəzində olub.

Hesabat ilində Yer elmləri üzrə Problem şurasının 6 iclasında AMEA-nın Yer Elmləri Bölməsi müəsissələrində, habelə respublikanın uyğun profilli elmi qurum və təşkilatlarında, ali təhsil müəsissələrində təhsil alan doktorant və dissertantların 5 elmlər və 29 fəlsəfə doktorunun dissertasiya mövzuları müzakirə edilərək qeydiyyata alınıb və təsdiq edilib.

Akademik F.Qədirov hesabat ilində bölmə üzrə 233 məqalə (78-i xaricdə), 90 tezis (46-ı xaricdə), 15 monoqrafiya, 19 kitab və 7 dərs vəsaiti nəşr edildiyini qeyd edib. Nəşr edilən məqalələrdən 45-i “Web of Science”, “Scopus” bazasına daxil edilən impakt faktorlu jurnallarda işıq üzü görüb.

Hesabat ilində Geologiya və Geofizika İnstitutunun təşəbbüsü ilə AMEA-nın bir sıra elmi müəssisələrinin Coğrafiya, Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Tarix institutlarının və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin alim və mütəxəssislərinin cəlb olunduğu elmi-yaradıcı qrup tərəfindən Azərbaycan Respublikasının təbii sərvətlərlə zəngin regionlarından biri olan Qarabağın təbii müxtəlifliyinə həsr edilmiş “Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770 000) hazırlanıb.

Yer Elmləri Bölməsində AMEA Rəyasət Heyətinin 3 aprel 2019-cu il tarixli “Prioritet istiqamətlər üzrə elmi tədqiqat proqramları haqqında” təsdiq edilmiş 2 elmi tədqiqat proqramı üzrə “Azərbaycanın Xəzər və Xəzəryanı ərazilərinin geosistemlərinin və bioloji müxtəlifliyin peyk məlumatları əsasında qiymətləndirilməsi” (AMEA müxbir üzvü D.Hüseynov) və “Məhsuldar qatın dərində yatan daban laylarının geoloji quruluşu və karbohidrogen flüidlərinin faza halı” (Rəhbər akademik İ.Quliyev, akademik F.Qədirov)” işləri başa çatıb.

AMEA-nın Yer Elmləri Bölməsinin “ANAS Transactions. Earth Sciences”, “Stratigraphy and sedimentology of oil-gas basins”, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, “Coğrafiya və təbii resurslar” elmi jurnallarının davamlı dərc olunması və veb saytlarının fəaliyyəti təmin olunub, dərc olunan məqalələrin elmi səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb. Nəticədə YEB-nin “GeoRef database” və “Crossref Annual”, “Scopus” beynəlxalq məlumat bazasına daxil edilmiş “ANAS Transactions. Earth Sciences” jurnalına 2022-ci ildə İF=0.5 impakt faktoru verilib.

Akademik F.Qədirov hesabat məruzəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasının əsası olan bölmənin beynəlxalq elmi əməkdaşlıq fəaliyyətindən geniş bəhs edib. AMEA-nın Yer Elmləri Bölməsinin elmi müəsissələrində Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiyalar İnstitutu, Miçiqan Universiteti, Missouri Universiteti, İngiltərənın Oksford Universiteti, İtaliyanın Milli Tədqiqat Şurası (CNR), Milan-Bicocca Universiteti, Fransa Montpellier Universiteti və Milli Tədqiqat Şurası (CNRS), Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Rusiya Elmlər Akademiyası Yer Fizikası İnstitutu, Rusiya Elmlər Akademiyası Geologiya İnstitutu, Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutu, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Türkiyənin 9 Eylül Universiteti, İstanbul Texnik Universiteti, Kocaeli Universiteti, Almaniyanın Bremen Universiteti, Karlsruhe Universiteti, Potsdam Geofizika Mərkəzi və İsrail Elmlər və Humanitar Elmlər Akademiyası, Tel-Əviv Universiteti ilə beynəlxalq əlaqələr davam və inkişaf etdirilib.

Akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun Ukrayna Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutu, Qazaxıstanın Qazax Milli Tədqiqat Texniki Universiteti, Özbəkistan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Milli Tədqiqat İnstitutu ilə əməkdaşlıq haqqında saziş və memorandumun imzalandığını bildirib. Həmçinin Neft və Qaz İnstitutu və Yaponiyanın JOGMEC korporasiyası arasında birgə geoloji çöl tədqiqatlarının aparılması haqqında müqavilə çərşivəsində çöl tədqiqatlarının aparıldığını diqqətə çatdırıb.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin geologiya və geofizika sahəsində tətbiq imkanlarının genişləndirilməsi məqsədilə Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Akademik YEB-in növbəti illərdə də əsas məqsədlərinin tədqiqatların keyfiyyətinin yüksəldilməsi, xarici elmi əlaqələrin intensivləşdirilməsi, kadr hazırlığı, innovativ proqramların həyata keçirilməsinə və elm ilə təhsilin inteqrasiyasına köməklik göstərmək, Azərbaycanın neft-qaz və faydalı qazıntı ehtiyatlarının artırılmasına, su təchizatına, ölkənin təbii fəlakətlərdən qorunması və ya zərərlərin azaldılması istiqamətinə aid strateji dövlət proqramlarında iştirak etmək olacağını bildirib.

Məruzəçi bölmədə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ilə yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, dəyirmi masa və seminarların, “Heydər Əliyev və Neft Strategiyası: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfransın, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransının keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.

Eyni zamanda məruzəçi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası üzrə Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Tədbirlər planında aidiyyəti bəndlərin icrasının diqqət mərkəzində olacağını qeyd edib.

Daha sonra məruzə ətrafında Geologiya və Geofizika İnstitutunun direktoru akademik A.Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İ.Quliyev, Coğrafiya İnstitutunun direktoru Z.Eminov və başqaları çıxış edərək bölmənin 2022-ci ildə elmi və elmi-təşkilati fəaliyyətini müsbət qiymətləndiriblər.