AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-03-02 06:49:05 698

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı neftçıxarma prosesinin ədədi modelləşdirilməsi barədə məruzə ilə çıxış etdi

T.e.d. Mahir Rəsulov “Neftin su və kimyəvi reagentlərin köməyi ilə sıxışdırılması prosesinin kəsilən funksiyalar sinfində ədədi modelləşdirilməsi” mövzusunda məruzə ilə institutun elmi şura iclasında çıxış etdi. Məruzəçi qeyd etdi ki, vahid metodologiya əsasında neft və qaz yataqlarının işlənilməsi proseslərinin hiperbolik və parabolik tipli qeyri-xətti xüsusi törəməli differensial tənliklər vasitəsi ilə təsvir olunan riyazi modellərinin fiziki xassələrini düzgün ifadə edən effektiv ədədi və analitik həllərinin əldə edilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən bir üsul yaradılıb. Tədqiqat çərçivəsində ikifazalı sistemlərin məsaməli mühitdə süzülmə prosesini təsvir edən qeyri-xətti xüsusi törəməli diferensial tənliklərin zəif həllinin tapılması üçün yeni üsul təklif edilmiş və bir neçə labaratoriya eksperimentləri modelləşdirilib.

Neftin su ilə sıxışdırılıb çıxarılması prosesində (Buckley-Leverett modeli) başlanqıçda qalıq suyun kəsilməz paylanması şərti daxilində doyma funksiyasındakı yaranan sıçrayışının yerinin və əmələ gəlmə zamanının təyin edilməsi üçün üsul və çoxfazalı fluidlərin süzülməsini ifadə edən tənliklər sisteminin fiziki parametrlərə görə parçalanması üçün metod təklif edilib.

Müəllifin tədqiqatlarının əsas nəticələri 7 Web of Science SCIE bazasında indekləşən jurnallarda dərc edilib.

T.e.d. Mahir Rəsulovun “Neftin su və kimyəvi reagentlərin köməyi ilə sıxışdırılması prosesinin kəsilən funksiyalar sinfində ədədi modelləşdirilməsi” mövzusunda məruzəsinin aktuallığı qeyd edildi və mövzu üzrə tədqiqatların davam etdirilməsi qərara alındı.