
AMEA-nın Neft və Qaz İnstitutunun kollektivi olaraq institutun aparıcı elmi işçisi, texnika elmləri namizədi Ramiq Məmmədhəsən oğlu Əfəndiyevin vəfatı ilə əlaqədar kədərləndiyimizi bildirir, ailə üzvlərinə və yaxın qohumlarına dərin hüznlə başsağlığı veririk.
Ramiq Məmmədhəsən oğlu Əfəndiyev 1937-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1955-1960-cı illər ərzində Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsində təhsil almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatla “26 Bakı komissarı” NQÇİ-də işə başlamışdır. 1960-1963-cü illər ərzində “26 Bakı komissarı” NQÇİ-də neftçıxarma operatoru, usta və istismar üzrə mühəndis vəzifələrində işləmişdir.
1963-cü ildə Azərbaycan SSR EA-nın “Neft yataqlarının işlənməsi” İnstitutunun aspiranturasına daxil olmuş və 1967-ci ildə “Kontur daxilində və sahə üzrə su vurduqda quyuların sulaşmasının hidrodinamiki tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1968-ci ildən 1982-ci ilədək Azərbaycan SSR EA-nın Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun “Yeraltı hidrodinamika” laboratoriyasında mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1982-ci ildən 1986-cı ilə qədər “Neft və qazkondensat yataqlarının işlənməsi” laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmışdır.
1986-2003-cü illər ərzində AMEA-nın Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda “Neft yataqlarının işlənməsi və neft-qaz hasilatının proqnozlaşdırılması” şöbəsində, 2003-2016-cı illər ərzində AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Neft yataqlarının işlənilməsi” şöbəsində, 2016-cı ildən isə AMEA-nın Neft və Qaz İnstitutunun “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
R.M.Əfəndiyev yeraltı hidroqazdinamika, neft və qaz yataqlarının işlənilməsi, lay və quyuların tədqiqi sahəsində tədqiqatlar aparmış, 100-dən çox elmi məqalə və ya tezis, 2 monoqrafiya və 2 neftqazçıxarma terminlərinin izahlı lüğətinin müəllifi və ya həmmüəllifi olmuş, elmi-təcrübi fəaliyyəti ilə neft-qaz elminin nəzəriyyə və təcrübəsinə əhəmiyyətli tövhələr vermişdir.
1973-cü ildə “Neft, qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə “Böyük elmi işçi” elmi adını almışdır.
Respublikanın bir sıra dəniz neft və qaz yataqlarının (Palçıq pilpiləsi, Bahar, Bulla-dəniz və s.) işlənmə layihələrinin rəhbərlərindən biri və icraçısı olmuşdur. O, respublika daxilində və MDB-nın bir sıra şəhərlərində (Moskva, Kazan, Daşkənd, Uxta və s.) keçirilən elmi konfranslarda iştirak etmişdir. ABŞ-da Ekson şirkəti ilə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun birgə apardığı elmi-tədqiqat işləri ilə əlaqədar Hyuston şəhərində Ekson şirkətinin elmi mərkəzində tədqiqatlar aparmışdır. Pedaqoji fəaliyyətlə də məşğul olmuş, o cümlədən AMEA-nın Neft və Qaz İnstittutunda magistrlərə mühazirə dərsləri aparmışdır.
AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun və Neft və Qaz İnstitutunun “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” seksiyalarının, AMEA-nın Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi seminarının üzvü olmuşdur.
Səmərəli elmi fəaliyyəti sayəsində əldə etdiyi elmi-təcrübi nəticələrə və fəaliyyəti ərzində biruzə etdirdiyi yüksək elmi-etik davranış keyfiyyətlərinə görə neftçi alim-mütəxəssislərin və kollektiv əməkdaşlarının böyük hörmət və rəğbətini qazanmışdır. Elmi fəaliyyətində həmişə yüksək professional qabiliyyətləri ilə seçilmiş, eləcə də özünü məşğul olduğu sahələr üzrə müasir elmi-tədqiqatlar istiqamətində daim bilik və bacarıqlarını inkişaf etdirən elmi işçi kimi göstərmişdir. Həyat və elmi yaradıcılıq yolu mütəxəssis və tədqiqatçılar üçün bir örnək olmuşdur.
Onun işıqlı xatirəsi daima qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!