Neft və Qaz İnstitutu və Rusiyanın Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb
Mayın 25-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb.
Memorandumu Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, Neft və Qaz Problemləri İnstitutu tərəfindən, elmi işlər üzrə direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vasili Boqoyavlenski imzalayıblar.
İmzalanmış memorandumda birgə geoloji və geofiziki tədqiqatların aparılması üçün elmi və texniki əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Elmi və texniki əməkdaşlığın Yerin və Dünya Okeanı dibinin geoloji quruluşunun öyrənilməsi, təbii, təbii-texnogen və ekoloji proseslərin inkişafının müəyyənləşdirilməsi və öyrənilməsi üzrə aparılması planlaşdırılır.
Birgə çöl tədqiqatlarının təşkili və aparılması, habelə müxtəlif geoloji və geofiziki məlumatların, o cümlədən kosmosdan Yerin zondlanması, pilotsuz uçuş aparatlarından istifadə etməklə əldə edilən məlumatların emalı və şərhi nəzərdə tutulub.