Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib
İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi.
Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu.
İclasda g.-m.e.d. Namaz Yusubov “Cənubi Xəzər çökəkliyinin böyük dərinliklərinin karbohidrogen sistemləri” mövzusunda məruzəsi ilə çıxış etdi. Tədqiqat nəticələri Cənubi Xəzər hövzəsinin tektonik quruluşu haqqında yeni məlumatlar əldə etməyə və karbohidrogen sistemlərinin bir sıra parametrlərinin təyininə imkan verəcəkdir. Mövcudluğu güman edilən bir sıra regional miqyaslı tektonik qırılmaların Azərbaycanın depressiya zonalarının çöküntü qatında yer almadığı və məruzəçinin əvvəlki dövrlərdə ədəbiyyatda müzakirəyə çıxartdığı fikri bir daha təsdiqlənmişdir. Orta Kür və Quba-Xəzəryanı rayonlarında neft yataqlarının laydaxili miqrasiya nəticəsində ana süxurlardakı (Eosen, Maykop) stratiqrafik ekranlaşmış tələlərdə və nefttörədici layların Mezozoy yaşlı çöküntü kompleksilə təmaslarındakı rezervuarlarda, Cənubi Xəzər və ona bitişik Aşağı Kür və Şamaxı-Qobustan çökəkliklərində palçıq vulkanizminin eruptiv kanalları ilə Maykop lay dəstəsindən ayrılan karbohidrogen flüidlərinin Məhsuldar Qatın laylarındakı rezervuarlarda toplanması nəticəsində yarandıqları haqqında mühüm nəticələr əldə edilmişdir.
Müzakirədən sonra g.-m.e.d. Namaz Yusubovun “Cənubi Xəzər çökəkliyinin böyük dərinliklərinin karbohidrogen sistemləri” mövzusunda məruzəsinin aktuallığı qeyd edildi.
Daha sonra institutun doktoranturasına və doktoranturasına qəbulun nəticələri barədə Təhsil şöbəsinin müdiri Arif Hüseynov məlumat verdi.