AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-10-11 08:09:57 409

Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisləri gənc alim və tələbələrin 9-cu beynəlxalq elmi konfransında iştirak ediblər

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin 9-cu beynəlxalq elmi konfransı öz işinə başlayıb.

Tədbiri girişi sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafına töhfə verən, geologiyanın aktual problemlərinin müzakirə olunduğu ənənəvi beynəlxalq konfransın bu il əlamətdar tarixə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini bildirib. Qeyd edib ki, müasir Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyev görkəmli siyasətçi və dövlət xadimi kimi bütün həyatını ölkəsinin inkişafına və çiçəklənməsinə həsr edib.

Ulu Öndərin bütün sahələrə, xüsusilə gənclərlə işə daim diqqət yetirdiyini deyən akademik Akif Əlizadə hələ sovet hakimiyyəti illərindən başlayaraq məhz Ümummilli Liderin qayğısı sayəsində Azərbaycan elminin və təhsilinin sürətlə inkişaf etdiyini, bir çox gəncin ittifaqın aparıcı universitetlərinə təhsil almağa göndərildiyini söyləyib. Akademik bildirib ki, məhz həmin gənclər Ulu Öndərin uzaqgörənliyi sayəsində peşəkar kadr kimi formalaşaraq ötən illər ərzində Azərbaycanın inkişafına xidmət ediblər.

Gənc alim və tələbələrin konfransının 2005-ci ildən etibarən təşkil olunduğunu deyən akademik Akif Əlizadə hər tədbirin müəyyən elmi problemə həsr edildiyini, builki konfransın “Geoinformatika, georesurslar, geoekologiya” kimi aktual məsələləri əhatə etdiyini vurğulayıb: “Bu gün geoinformatikasız addımlamaq qeyri mümkündür. Geoekologiya gəlincə isə, baş verən ekoloji fəaliyyətlər, iqlim dəyişiklikləri bu sahəni olduqca aktuallaşdırır və ciddi elmi addımların atılmasını zəruriləşdirir”.

Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisləri Pünhan Səmədli, İsmayıl İsmayılov və Rahilə Əliyeva iştirak ediblər.