AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-11-05 18:39:23 229

Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərini öyrənmək və müvafiq uyğunlaşma tədbirlərini hazırlamaq üçün ekspert qrupunun iclası keçirilir.

İclasın açılış hissəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Ətraf Mühit Proqramının Regional koordinatoru Mahir Əliyev (onlayn formatda), BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandra Rokkasalvo və Elm və Təhsil Nazirliyinin Neft-Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirov çıxış etdi.

Elm və Təhsil Nazirliyinin Neft-Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirov Xəzər dənizinin problemlərinin kompleks şəkildə öyrənilməsinin vacibliyini diqqətə çatdırıb: “Burada həm atmosfer hadisələrinin, texnogen, tektonik, geoloji proseslərin vəhdəti halında iqlim dəyişmələrini öyrənə və öz təkliflərimizi verə bilərik. Kompleks halında baxmaq istəyirik ki, iqlim dəyişmələri, tektonik geoloji proseslər, atmosfer hadisələri birlikdə hansı nəticəyə gətirib çıxara bilər. Biz bunun ssenarisini hazırlaya bilərikmi? Əgər belə bir ssenari hazırlanarsa, bu, uyğunlaşma proqramının təşkilində, strategiyanın hazırlanmasında böyük əhəmiyyət kəsb edə bilər”.

Xəzəryanı ölkələrin nümayəndələri onlayn formatda tədbirə qoşularaq Xəzər dənizinin problemlərinin həllində əməkdaşlığın və birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.

İki gün müddətində davam edəcək iclasın birinci hissəsində “İqlim dəyişikliyinin təsirləri, o cümlədən temperaturun dəyişməsi və yağıntı normalarının təhlili”, “Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq”, “Dəniz səviyyəsinin dəyişməsini izləmək üçün proqnozlaşdırma metodlarının və monitorinq sistemlərinin işlənib hazırlanması” və “Dənizə təsir edən geoloji və tektonik proseslərin öyrənilməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin çıxışları dinlənilib.