AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib
Dekabrın 30-da AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd AMEA-nın magistraturasinda tədris prosesinin təşkili, qış imtahan sessiyası və növbəti yaz semestrinə hazırlıq işləri, həmçinin doktoranturaya qəbul və doktorluq imtahanları ilə bağlı məsələlərin müzakirəsi olub.
İclasda Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov və Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak ediblər.
F.Kazımov AMEA-da təhsil prosesinin cari vəziyyəti ilə bağlı bir sıra məsələləri, xüsusilə tədris proqramlarının, təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu, bu istiqamətdə mövcud olan çatışmazlıqlar və onların aradan qaldırılmasına dair təklif və tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda çıxış edən idarənin rəis müavini H.Hüseynov mövcud pandemiya dövrü ilə əlaqədar olaraq tədris və imtahanların təşkili məsələsində ortaya çıxmış problemlərdən danışıb və onların mövcud şəraitə uyğun optimal həlli yolları ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Tədbirdə AMEA Neft və Qaz İnstitutunun təhsil şöbə müdiri Arif Hüseynov da iştirak etmişdir.