MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-09-20 05:56:01 904

Neftçilər Günü

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.

Azərbaycan Prezidentinin 17 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib. Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

"Əsrin müqaviləsi"nin birinci ildönümünə həsr edilən tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev ölkədə neft sənayesinin 1991-ci ilədək inkişaf tarixindən və Azərbaycanın müstəqilliyindən sonra bu sahənin inkişaf yolları barəsində öz fikirlərini açıqlayıb. O, öz çıxışında Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinin əhəmiyyətinə toxunaraq deyib: "Mən Azərbaycan neftçilərinin fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Neftçilər Azərbaycan tarixində əvəzsiz xidmətlər göstərmişlər, əsrin əvvəlindən indiyədək Azərbaycanın şanını-şöhrətini qaldırmışlar. Respublikanın bütün iqtisadiyyatının inkişafı neft sənayesi ilə bağlıdır. Demək, Azərbaycan neftçilərinin əməyi ilə bağlıdır".

Əziz Neftçilərimiz Bayramınız Mübarək!