MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-01-30 13:48:06 799

AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, elmi müəssisə və təşkilatların baş direktorları, aidiyyəti şəxslər, ali təhsil müəssisələrinin və KİV-in nümayəndələri iştirak ediblər.

İclasda Yer Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən bölmənin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov bildirib ki, hesabat ilində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, eləcə də AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarlarından irəli gələrək tədqiqatlar aparılıb.

Akademik vurğulayıb ki, ötən il Yer Elmləri Bölməsində 8 problemi əhatə edən 45 mövzu, 55 elmi tədqiqat işi, 43 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilib, 1 mövzu, 16 elmi-tədqiqat işi başa çatdırılıb, 1 tətbiq işi tamamlanıb, 8 mühüm nəticə əldə olunub. Belə ki, “Azərbaycanın Xəzər və Xəzəryanı ərazilərinin geosistemlərinin və bioloji müxtəlifliyin peyk məlumatları əsasında qiymətləndirilməsi” və “Məhsuldar qatın dərində yatan daban laylarının geoloji quruluşu və karbohidrogen flüidlərinin faza halı” elmi-tədqiqat proqramları üzrə işlər başa çatdırılıb.

Hesabat ilində bölmənin alimləri tərəfindən 15 monoqrafiya, 19 kitab və 7 dərs vəsaiti, 233 məqalə (78-i xaricdə), 90 tezis (46-sı xaricdə) nəşr edilib. Məqalələrdən 45-i “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.

Bölmənin kadr potensialı barədə də danışan F.Qədirov Yer Elmləri Bölməsinin tərkibində 7 həqiqi, 11 müxbir üzv, 50 elmlər, 135 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, ötən il Yer Elmləri üzrə Problem Şurasının iclaslarında 5 elmlər və 27 fəlsəfə doktorluğu üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənib, 21 fəlsəfə və 2 nəfər elmlər doktoru elmi dərəcələri üzrə dissertasiya işi müdafiə olunub. Qeyd edib ki, hazırda bölmənin institutlarında 43 doktorant (37 əyani, 6 qiyabi) təhsil alır.

2022-ci ildə bölmənin “ANAS Transactions. Earth Sciences”, “Stratigraphy and sedimentology of oil-gas basins”, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, “Coğrafiya və təbii resurslar” jurnallarında dərc olunan məqalələrin elmi səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb. YEB-nin üç beynəlxalq məlumat bazasına “GeoRef database”, “Crossref Annual” və “Scopus”a daxil edilmiş “ANAS Transactions. Earth Sciences” jurnalına 0.5 impakt faktoru verilib.

Akademik Fəxrəddin Qədirov bölmənin prioritet elmi tədqiqatları, “Scimago” reytinq agentliyində Yer elmlərinin mövqeyi, elektron elmin vəziyyəti, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və laboratoriyalar, ekspedisiyalar, elmi nəticələrin tətbiqi, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı görülmüş işlər və s. məlumatları da diqqətə çatdırıb.