MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-09-20 07:34:42 344

Azərbaycanın neft strategiyası ölkənin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri Bünyad Kazımovun AZƏRTAC-ın rəsmi internet saytında Neftçilər Günü ilə əlaqədər məqaləsi paylaşılıb.

1994-cü il sentyabrın 20-si ölkəmizin tarixində hərtərəfli inkişaf üçün yeni perspektivlərə başlanğıc verən əlamətdar günlərdən birini təşkil edir. Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu “Azərbaycanın neft strategiyası”nın daha da uğurla həyata keçirilməsi yönümündə mühüm həlqə təşkil edən “Yeni neft strategiyası”nın başlanğıcı kimi qəbul edilir. Həmin gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə bir sıra tanınmış beynəlxalq neft-qaz şirkətləri arasında neft müqaviləsi imzalandı və bu müqavilə özünün tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə tarixə düşdü. Bu müqavilə Azərbaycanın neft və iqtisadiyyat tarixində şanlı səhifə açdı. Bu tarix hər il ölkəmizdə neft-qaz sənayesində çalışanların peşə bayramı günü kimi qeyd edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri Bünyad Kazımov deyib. Bildirib ki, “Əsrin müqaviləsi” Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının hasilatın pay bölgüsü prinsipi əsasında birgə işlənməsini nəzərdə tutan bir müqavilə idi. Bu müqavilədə ümumilikdə dünyanın 8 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanını) təmsil edən 13 sayda ən nüfuzlu neft şirkətləri - Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta şirkətləri iştirak edib.

“Bu müqavilənin imzalanmasından sonra ölkəmizdə neft-qaz sektoru vüsətli inkişaf dövrünə qədəm qoyub, bu sektora beynəlxalq sərmayələrin cəlb edilməsinə real imkanlar əldə edilib. Hazırda ölkəmiz neft-qaz istehsal edən ölkədən onları yaxın və uzaq xarici ölkələrə ixrac edən bir ölkəyə çevrilib və bu amil ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynamaqdadır.

Bu müddət ərzində yeni karbohidrogen strukturları aşkarlanıb və kəşfiyyatı tamamlanmış bəzi yataqların hasilat mərhələsinə start verilib. Bu fəaliyyətlər zəminində SOCAR xeyli beynəlxalq səviyyəli əməli təcrübə əldə edib və öz fəaliyyət sferasını xarici ölkə miqyaslarına qədər genişləndirib.

Əldə olunan nailiyyətləri, sözün əsl mənasında, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Azərbaycanın neft strategiyası”nın bugünkü davamı olan “Yeni neft strategiyası”nın təntənəsi hesab etmək olar.

Hesab edirik ki, Ümummilli Lider Heydər Əliyevin həyati və ölməz ideyaları kimi bu strategiya da hələ uzun müddət Azərbaycanda dövlətçiliyin daha da möhkəmləndirilməsində və xalqımızın sosial-iqtisadi rifah halının tərəqqisində öz müstəsna rolunu oynayacaq”, - deyə Bünyad Kazımov fikrini yekunlaşdırıb.

https://azertag.az/xeber/azerbaycanin_neft_strategiyasi_olkenin_beynelxalq_nufuzunun_artmasinda_muhum_rol_oynayib-2754835