MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-10-04 06:20:44 337

Akademik Xoşbəxt Yusifzadə vəfat edib

Azərbaycanın dünyaca məşhur mühəndis-geoloqu, “İstiqlal”, “Şöhrət”, “Şərəf” və “Heydər Əliyev” ordenli alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib.

Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “Dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona professor elmi adı verilmiş, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi” (1998-ci il), “Qarabağ” (1998-ci il), nəhəng “Şahdəniz” (1999-cu il), iri “Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.

X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır.

Xoşbəxt Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.

X.Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak etmişdir.

Xoşbəxt Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı” və “Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü idi.

O, “İstiqlal” ordeni, “Şöhrət” ordeni, “Şərəf” ordeni, 1-ci dərəcəli “Əmək” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, “Heydər Əliyev” ordeni və digər çoxsaylı medallarla təltif olunub.

Bütün mənalı ömrünü Azərbaycan elminin, dövlətinin inkişafına həsr edən fədakar alim, ziyalı, qayğıkeş və gözəl insan Xoşbəxt Yusifzadənin xatirəsi onu tanıyanların, sevənlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!