MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-01 06:53:42 148

Vaqif Qurbanov Şıxı oğlu – 76 il!

2024-ci il aprel ayının 1-də görkəmli elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov Şıxı oğlunun 76 yaşı tamam olur.

Qurbanov Vaqif Şıxı oğlu 1 aprel 1948-ci ildə Ağsu rayonu, Bico kəndində anadan olmuşdur. Neftli-qazlı hövzələrin litologiyası sahəsində tanınmış alimdir. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1972-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. V.Ş.Qurbanov təhsilini davam etdirməklə 26 Bakı Komissarları (indiki Bibiheybət NQÇİ) adına neft-qaz çıxarma idarəsinin mədənlərində mühəndis-geoloq kimi çalışmışdır. 1969-cu ildə Ümumittifaq Elmi-tədqiqat Geofizika İnstitutunun azərbaycan bölməsinə mühəndis vəzifəsinə qəbul olunmuşdur. 3 may 1976-cı il tarixdən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) çalışmışdır. 1981-1984-cü illərdə həmin institutun dissertantı olmuşdur. 1976-1982-ci illərdə böyük laborant, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə AMEA-nın Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunun müdafiə Şurasında “Dağıstanın düzənlik və Cənubi Kalmıkyanın Perm-Trias çöküntülərinin əmələgəlmə şəraiti və neftqazlılığı” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini almışdır.

1982-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) asisstent, 1986-cı ildən isə dosent kimi pedaqoji fəaliyyət göstərmişdir.

1995-ci ildə İnstitutun Elmi Şurasının qərarı ilə dosent V.Ş.Qurbanov doktorluq dissertasiya işini tamamlanması məqsədilə 2 illik elmi stajçı kimi Moskvaya Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutuna ezam olunmuşdur. SSRİ-nin və Rusiyanın məşhur litoloq alimi, professor N.V.Xolodovun rəhbərliyi ilə laboratoriyada çox faydalı tədqiqat işləri aparmışdır. O, həmin illərdə Rusiyanın tanınmış alimləri ilə birgə doktorluq elmi işini tamamlayaraq Bakıya qayıdıb öz doğma İnstitutunda pedaqoji fəaliyyətini davam etdirmişdir.

2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinin dekanı seçilmişdir. 2008-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris işləri üzrə prorektoru təyin olunmuşdur. 2013-cü ildə “Litologiya, mineralogiya və petroqrafiya” kafedrasında “Professor” elmi adını almışdır. 2015-ci ilin yanvar ayından 3 sentyabr 2015-ci il tarixə kimi Azərbaycan Dövlət Neft Akademiyyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) rektoru vəzifəsini icra etmişdir.

2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrasının müdiri seçilmişdir.

2016-cı ildən AMEA-də yeni yaradılmış Neft və Qaz İnstitutunda direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin institutun icraçı direktoru vəzifəsində çalışır.

Tədqiqatları neftli-qazlı hövzələrin geologiyası və axtarış-kəşfiyyat metodlarıdır. Elmi-tədqiqat obyektlərindən Rusiyanın və Qazaxstanın Perm-Trias çöküntülərinin litologiyası və həmin çöküntülər ilə əlaqədar neftqazlılığının öyrənilməsidir. Son dövrlərdə apardığı elmi-tədqiqat işləri Azərbaycanın Maykop-Miosen və Pliosen çöküntülərinin litologiyası və neftqazlılığı ilə əlaqədardır.
Beynəlxalq və Respublika səviyyəli qrant layihələrində elmi rəhbər və icraçı kimi iştirak etmişdir. Üzun illərdir ki,Bakı Dövlət Universitetində 0,5 ştat əvəzçi professor kimi pedaqoji fəaliyyətlə məşğuldur.

150-dən çox elmi məqalənin, 3 monoqrafiyanın 1 dərsliyin, 6 dərs vəsaitinin müəllifidir.

Elmi rəhbərliyi ilə 2 elmlər namizədi hazırlamışdır.

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müdafiə şuralarının üzvüdür.
Professor V.Qurbanovun xidmətləri 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı və AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Vaqif müəllimin 76 yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

Akademik Fəxrəddin Qədirov,
Neft və Qaz İnstitutunun baş direktoru