MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-04 06:07:46 304

7 aprel - Geoloqlar Günüdür

Geologiyanı Yer kürəsinin quruluşu və onun inkişaf tarixi haqqında elm adlandırırlar. Bu elmin əsas tədqiqat obyekti Yer kürəsinin geoloji salnaməsinin əks olunduğu dağ suxurlarıdır.

Geologiya, həmçinin Yerin səthi və onun altında gedən müasir fiziki prosesləri və mexanizmləri tədqiq edir. Müxtəlif proseslərin öyrənilməsi keçmişdə planetin inkişafına dair məlumatlar əldə etməyə imkan verir.

Geoloqlar Günü ənənəvi olaraq hər il aprel ayının ilk bazar günü keçmiş SSRİ-yə daxil olan bir çox ölkələrdə geoloji elmlər və ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislər tərəfindən qeyd olunur. Bu əlamətdar günün SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 mart 1966-cı il tarixli Fərmanı ilə mineral-xammal bazasının yaradılmasında sovet geoloqlarının xidmətləri nəzərə alınaraq qeyd edilməsi qərara alınıb.

Peşə bayramının keçirilmə vaxtının aprel ayının əvvəlləri seçilməsi müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin həmin vaxtlarda çöl-tədqiqat işlərinə başlaması, eləcə də ekspedisiyalara hazırlaşmaları ilə əlaqədardır.

Bu bayram ərəfəsində geoloq-mütəxəssislər çoxillik məhsuldar elmi-tədqiqat fəaliyyəti və xidmətlərinə görə dövlət mükafatları alır, Fəxri fərman və ordenlərlə təltif olunurlar.

Bu gün geoloqlardan əlavə, həm də axtarış və faydalı qazıntıların hasilatı ilə bağlı peşəyə sahib insanların bayramı hesab edilir.

Qeyd edək ki, 1945-ci ildə AMEA-nın təşkil olunmasında Azərbaycanın görkəmli geoloq alimləri - Ələşrəf Əlizadə, Mirəli Qaşqay və Şamil Əzizbəyovun yaxından iştirak edib. Ş.Əzizbəyov, M.Qaşqay, Ə.Əlizadə, M.Əliyev, Q.Əfəndiyev, Ş.Mehdiyev və digər istedadlı alimlərin gərgin əməyi nəticəsində Azərbaycanda geologiya elmi inkişaf etdirilib.

Ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra ölkəmizdə elmin bütün sahələr üzrə inkişafına diqqət və qayğı daha da artıb və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan geoloqları Qərb alimləri ilə birgə tədqiqatlar aparmağa başlayıblar.