MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-23 17:15:07 186

Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq elmi tədbirdə iştirak ediblər

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Yer Elmləri Baş Assambleyasının (EGU - 2024) növbəti iclası keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun elmi katibi Yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova və Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin aparıcı elmi işçisi astrometriya və fəza cismləri üzrə fəlsəfə doktoru Bəhruz Əhədov iştirak ediblər.

Bəhruz Əhədov “Caspian Sea Level Changes and Coastal Dynamics: A Case Study of the Gizil-Aghaj State Reserve Using Multi-Sensor Satellite Data” (Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil dinamikası: çox sensorlu peyk məlumatlarından istifadə etməklə Qızıl-Ağac Dövlət Qoruğunun tədqiqi) mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimat Xəzər dənizinin səviyyəsinin dəyişməsinin sahil dinamikasına təsiri haqqında olmuş və Azərbaycanda görülmüş ilk işdir. Həm optik, həm də radar peyk məlumatları və metodları istifadə edərək ilkin nəticələr paylaşılmışdır. Bəhruz Əhədov tədbir çərçivəsində təşkil edilmiş “P-SBAS DInSAR web tool for Earth surface deformation” adlı kursda da iştirak etmişdir.

Şəlalə Hüseynova 2 təqdimat nümayiş etdirmişdir: “Interpretation of crustal structure and hydrocarbon potential of the South Caspian and Kura basins, Azerbaijan” (Cənubi Xəzər və Kür hövzələrinin yer qabığının quruluşunun yeni interpretasiyası və karbohidrogen potensialı, Azərbaycan) və “Impact of sedimentary environment on mechanism of mass, fluid and energy transport in the South Caspian basin” (Cənubi Xəzər hövzəsində çöküntütoplanma mühitinin kütlə, maye və enerji daşınması mexanizminə təsiri). Hər iki tədqiqatda geniş geoloji, geokimyəvi və geofiziki məlumat bazasından, xüsusi ilə də 2D və 3D seysmik məlumatlardan istifadə edilmiş və Cənubi Xəzər hövzəsi və Azərbaycanın quru ərazisinin dərinlik quruluşu, geotermal rejimi, karbohidrogen potensialı haqqında yeni nəticələr əldə edilmiş; çöküntütoplanma şəraitinin yerin təkində baş verən kütlə, fluid və enerji daşınması proseslərinə təsiri göstərilmiş və palçıq vulkanlarının və neft-qaz yataqlarının yaranma mexanizmi təklif edilmişdir.
Təqdim edilmiş nəticələr böyük marağa səbəb olmuş və müxtəlif ölkələrin alimləri ilə müzakirə edilərək gələcək əməkdaşlıq üçün təkliflər almışdır.

Qeyd edək ki, EGU-nun bu ilki Baş Assambleyasında 130 ölkədən 810 elmi sessiyada 20 mindən artıq təqdimat nümayiş etdirilib.