AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbərlər

2021-03-18 10:43:24 57

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclasında bir sıra elmi və elmi-təşkilati məsələlər müzakirə olunub

AMEA Neft və Qaz İnstitunun Elmi şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, elmi şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər. Iclasda həmçinin AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev iştirak etmişdir. Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.
İclasda AMEA Neft və Qaz İnstitutunun “Neftli –qazlı hövzələrin analizi” şöbəsinin aparıcı elmi işçisi, g.-m.e.n., dos. Məlahət Əfəndiyevanın “Azərbaycanın Maykop seriyasının öyrənilməsi üçün sistem tədqiqatların nəticələri” adlı məruzəsini dinlənildi. Məruzəçi sistematik analiz və metodikalar kompleksi tətbiq edərək bir sıra aktual məsələlərin həlli yollarını təklif edərək qeyd etdi ki, tədqiqatlar çərçivəsində Maykop litogeodinamik kompleksinə yeni nöqteyi-nəzərdən baxılmış və aşağıdakı nəticələr alınmışdır:
- Maykopun yer səthinə çıxmış və quyularda açılmış kəsilişlərinin stratiqrafik bölgülərə ayrılması.
- Maykop süxurları daxilində Xatt mərtəbəsinin ən yüksək neftgenerasiya potensialına malik olmasının müəyyən edilməsi.
- Azərbaycan ərazisində Maykop paleohövzəsi xüsusi rejimdə inkişaf edərək Kiçik Qafqaz və Talış dağları və qalxmaqda olan Böyük Qafqaz dağları arasında dayazsulu müasir arxipelaqlı dənizlərə bənzər hövzə olmuşdur.
- Arxipelaqların adaları arasında əsasən gilli çöküntülər toplanmışdır.
M.Əfəndiyeva qeyd etdi ki, tədqiqatın əsas nəticələri bir sıra elmi məqalələrdə, o cümlədən Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda, dərc etdirilmiş və respublika və beynəlxalq konfranslarda müzakirə edilmişdir.
Məruzə iclas iştirakçılarının böyük marağına səbəb oldu və mövzu ətrafında müzakirələr aparıldı. Elmi məruzə üzrə müzakirələrə Neft-qaz geologiyası, palçıq vulkanizmi və hövzə analizi üzrə görkəmli alim, akademik İ.S.Quliyev qatıldı və dəyərli məsləhət və tövsiyyələrini verdi.
Məlahət Əfəndiyevanın “Azərbaycanın Maykop seriyasının öyrənilməsi üçün sistem tədqiqatların tətbiqi” mövzusunda məruzəsinin aktuallığı qeyd olundu və mövzu üzrə tədqiqatların davam etdirilməsinin məqsədəuyğun hesab edilməsi haqqında qərar qəbul edildi.
Elmi məruzədən sonra akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun strukturu haqqında məlumat verdi.
Daha sonra Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Qadınlar Şurasının yeni tərkibləri təsdiq edildi.
İclasın sonunda elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi.